Son yeniləmə: 6 May 2024 11:34
BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə qardaş Özbəkistan teatrları arasında imzalanan əməkdaşlıq memorandumlarına əsasən qarşılıqlı mədəni əlaqələr uğurla davam etdirilir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “bu dəfə teatr Daşkənddə keçirilən Özbəkistan Dövlət Musiqili Komediya (Operetta) Teatrının 50 illik yubileyi ilə əlaqədar “Operetta.uz” Musiqili Teatrların II Beynəlxalq Forumunda iştirak edib. Forumda Musiqili Teatrın direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev, teatrın baş baletmeysteri, Əməkdar artist Emin Əliyev, vokal artistləri Aydan Həsənova və Emin Zeynallı təmsil ediblər. Azərbaycanla yanaşı, Belarus, Rusiya və Qazaxıstanın musiqili teatrlarının rəhbərləri, rejissor, aktyor, xoreoqraf, rəssam, yaradıcı kollektivləri, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı forumda Ə.Lalayev mətbuat konfransı, eləcə də “Musiqili teatr sənətinin inkişafı” və “Musiqi teatrlarla əməkdaşlıq” mövzularında dəyirmi masada iştirak edib. O, Musiqili Teatr ilə özbək teatrları arasında qarşılıqlı və səmərəli əməkdaşlıqdan söhbət açıb, foruma dəvətə görə minnətdarlığını bildirib”.
Tədbirin proqramı çərçivəsində Emin Əliyev milli rəqslərin əsas elementləri barədə gənc özbək balet artistlərinə ustad dərsləri keçib.
Yubiley şərəfinə keçirilən qala-konsertdə isə gənc solistlər Azərbaycan səhnəsində özünəməxsus yeri olan “Arşın mal alan” (Ü.Hacıbəyli) operettasından parçalar ifa ediblər.
Operetta-nın rəhbərliyi Azərbaycan Mədəniyyət Nazirliyinə və onların dəstəyi ilə tədbirə qatılan Musiqili Teatrın rəhbərliyinə təşəkkürünü bildirib, qonaqlara iştirakçı sertifikatları və mükafatlar təqdim edib.