Son yeniləmə: 6 May 2024 17:08
BAYRAQDAR MEDİA – Azərbaycanın turizm imkanları mayın 6-da işinə başlayan “ATM Dubai 2024” (Arabian Travel Market 2024) beynəlxalq turizm sərgisində tanıdılır.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Məlumatda deyilir: “Yaxın Şərq bazarı üçün əsas turizm tədbirlərindən biri hesab olunan sərgidə B2B (Biznesdən biznesə) görüşlər keçirilir, yerli və xarici turizm sənayesi nümayəndələri arasında əməkdaşlıq imkanları müzakirə olunur. Milli stendimizdə ölkəmizi Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Azərbaycan Hava Yolları”, “Şahdağ” Turizm Mərkəzi, hotellər və turizm şirkətləri daxil olmaqla 34 yerli tərəfdaş təmsil edir. Stendin ziyarətçilərinə ənənəvi turizm məhsulları haqqında məlumat verilir, Azərbaycanın təbiət turizmi imkanları VR vasitəsilə təqdim edilir, milli şirniyyatların dequstasiyası imkanı yaradılır”.
Məlumata əsasən, həmçinin mayın 3-də Dubay şəhərində qlobal turizmin inkişafı, innovativ yanaşma və imkanlara həsr olunmuş “Phocuswright WiT” Orta Şərq konfrans çərçivəsində keçirilən panel müzakirələrdə Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Azərbaycanın turizm potensialı haqqında təqdimatla çıxış edib”.