BAYRAQDAR MEDİA – Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnnovasiyalar Mərkəzi “Yeni üfüqlər, böyük fürsətlər” adlı tədbir keçirib.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Agentlikdən daxil olub.
Xəbərdə deyilir ki, “Mərkəzin “Gələcək üçün bacarıqlar” layihəsi çərçivəsində keçirilən tədbirdə Agentliyin sədri Ülvi Mehdiyev, Türkiyə Bilişim Vadisinin direktoru Erkam Tüzgen, layihənin mentorları, startap komandaları, müxtəlif dövlət, özəl qurumların nümayəndələri və digər qonaqlar iştirak edib. “Gələcək üçün bacarıqlar” layihəsinin məqsədi innovasiya sahəsində kadr potensialının artırılması, innovasiya fəaliyyətinin dəstəklənməsidir”.
Məlumata görə, layihə universitetlərdə müəllimlərin mentor kimi hazırlanması üzrə “Mentorluq proqramı”nı və mentorların iştirakı ilə tələbələrin öz ideyalarından startaplar formalaşdırmaları üzrə iki “İnkubasiya proqramı”nı əhatə edib. Ümumilikdə layihəyə 2 mindən çox tələbənin 181 startap ideyası təqdim olunub. Bu çərçivədə universitetlərdə mentor kimi hazırlanmış 130-dan çox müəllimin dəstəyi ilə 98 startap komandası formalaşdırılıb. Layihənin rəsmi bağlanış tədbirində ümumi inkubasiya proqramlarının yekunu olaraq formalaşdırılan 19 startap komandası layihələrini təqdim edib və münsiflər heyəti tərəfindən qiymətləndirilən 3 komanda müvafiq olaraq mükafatlandırılıb.