BAYRAQDAR MEDIA – May ayının 2-də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində “Xələfli” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib.
Bu haqda xəbəri Dövlət Sərhəd Xidməti yayıb.
Xəbərdə deyilir ki, “Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Əsaslı təmirdən sonra müasir tələblərə cavab verən növbəti sərhəd zastavasının xidməti istifadəyə verilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işlərin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin hərbi qulluqçulara göstərdiyi ali diqqətin nəticəsi olduğu vurğulanıb. Tədbirdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb. Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Cavid Abdullayev sərhəd zastavasının inzibati binasında yaradılmış şəraitlə tanış olub, xidməti mənzillərə baxış keçirib.Sərhəd zastavasının inzibati binasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və 4 mənzilli yaşayış evləri şəxsi heyətin istifadəsinə verilib. Sonda şəxsi heyətlə birlikdə nahar edilib”.