BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, qardaş Türkiyədə başlayan III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Qaragöz Festivalı Bakıda yekunlaşıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Türkiyənin Ankara və İstanbul şəhərlərinin ardınca festival təşkilatçıları və qardaş ölkənin tanınmış teatr və mədəniyyət xadimləri Azərbaycana səfər edərək iki gün müddətində bakılı teatrsevərlər qarşısında çıxışlar ediblər. Xatırladaq ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası, TİKA-nın, həmçinin Azərbaycan Mədəniyyət Nazirliyi və Azərbaycan Dövlət Kukla Teatrının da dəstək verdiyi sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır. Onu da qeyd edək ki, 22 aprel – 1 may 2024-cü il tarixlərini əhatə edən ənənəvi beynəlxalq festivalın ilk mərhələsi Ankara, ikinci mərhələsi İstanbul şəhərlərində olub. Tədbirdə Azərbaycanla yanaşı, İtaliya və Almaniyadan müxtəlif kukla teatrları və sənətçi qrupları da iştirak edib”.
Daha sonra xəbərdə qeyd olunur ki, “Azərbaycandan gedən yaradıcı heyət qardaş ölkə tamaşaçıları qarşısında repertuardakı iki maraqlı nümunə – “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet (M. F. Axundzadə) və “Məlikməmməd” (Azərbaycan xalq nağılı) kukla tamaşaları ilə çıxış edərək maraqla qarşılanıblar. Festivalın son mərhələsi – bağlanış üçün məkanı kimi Bakı seçilib. Beləcə 30 aprel- 1 may tarixlərində teatrsevərlər hər gün iki seans olmaqla Türkiyənin məşhur teatr təmsilçilərinin təqdim etdikləri tamaşa-performansları izləmək şansı qazanıblar. Onlar həm məşhur Hacıvat və Qaragözün – iki əzəli və əbədi sevimli düşmənin macəralarını xəyal oyunu dedikləri bəyaz pərdə arxasından izləyiblər, həm də yeni nəsil kukla sənəti ilə klassik xalq tamaşa personajlarının sintezində səhnəcikləri alqışlayıblar”.
Xəbərdə, həmçinin “mayın 1-də festivalın təntənəli bağlanış mərasimi keçirilib. Azərbaycan və Türkiyə Mədəniyyət Nazirliyi təmsilçilərinin, incəsənət xadimləri və uşaq yazarlarının qatıldığı tədbirdə tamaşaçılar qonaqların təqdimatında rəngarəng səhnəciklərlə yanaşı, “Oyuq” Teatrının yetirmələrinin konsert proqramını da izləyiblər. Ardınca qardaş ölkədən gələn sənət təmsilçilərinə festivalın yüksək səviyyədə təşkilinə və iki qardaş ölkə arasında kukla teatrı istiqamətində əlaqələrin möhkəmləndirilməsində töhfələrinə görə Azərbaycan Dövlət Kukla Teatrı tərəfindən təşəkkürnamələr və xatirə hədiyyələri verilib” deyə bildirilir.
Xatırladaq ki, artıq III dəfə baş tutan festival bu ildən başlayaraq hər il bir türk dövlətini özünün tərəfdaşı seçməklə festivalın bağlanış mərasimini məhz qastrol ovqatında tamamlayacaq.