Son yeniləmə: 3 May 2024 10:44
Bakıda keçirilən “Türk Dövlətləri İqtisadi Forumu” bu potensialın daha da artırılması istiqamətdə atılan mühüm addımlardan biridir
BAYRAQDAR MEDİA – Muasir dünyada insan oğlu daha çox müharibələr, qarşıdurmalar, müxtəlif xəstəliklər və fəlakətlərlə başbaşadır. Bununla belə yerimizdə durmaq, baş verənləri sadəcə, necə deyərlər, “əli-qolu bağlı” qarşılamaq doğru olmazdı.
Bakı türk dünyası ilə bağlı daha bir tədbirə ev sahibliyi edir
Yəni öz gələcəyini düşünən ölkələr və xalqlar həmin gələcəyin daha təhlükəsiz olması üçün bütün sahələrdə addımlar atırlar. Bir-birinə din, dil, həmçinin mədəni baxımdan qohum olan xalqlar və dövlətlər isə bu addımları birlikdə, vahid bir komanda halında atırlar ki, bunun da effekti daha böyük olur.
Türk Dövlətlər Təşkilatına daxil olan ölkələrin fəaliyyəti xüsusilə təqdir olunmalıdır
Bu baxımdan Türk Dövlətlər Təşkilatına (TDT) daxil olan ölkələrin fəaliyyəti xüsusilə təqdir olunmalıdır. Bəlli olduğu kimi son dövrlər bu təşkilata daxil olan ölkələr türk dünyasının daha dərindən inteqrasiyası istiqamətində strateji və tarixi əhəmiyyət kəsb edən qərarlarla, reallaşdırılan layihələrlə dünyanın da diqqət mərkəzindədirlər. Təbii ki hər bir layihənin, hər bir işin, hər bir siyasətin güclü olmasını təmin edən başlıca amillərdən biri də iqtisadi güc, iqtisadi qüdrətdir. Necə ki, bir ölkə güclü olmaq üçün ilk növbədə iqtisadiyyatını gücləndirir, eyni zamanda ölkələr birliyi də iqtisadi qüdrətin artmasını ilk sırada saxlayır.
Bu baxımdan Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin iqtisadi prosesləri birgə idarəetməsi, iqtisadi layihələri birlikdə reallaşdırması mühüm önəm kəsb edir. Təbii ki, bu məsələdə ictimai sektor, müxtəlif təşkilatlar da dövlətlərin yanında olmalı, müxtəlif tədbirlərlə dövlətlərə yardım etməlidirlər.
Mayın 2-də Bakıda keçirilən “Türk Dövlətləri İqtisadi Forumu 2024” adlı beynəlxalq tədbir də deyilən istiqamətdə atılan mühüm addımlardan biri kimi dəyərləndirilə bilər. Elə istər rəsmi hissədə, istərsə də panellərdəki çıxışlarda bu məqam xüsusi olaraq vurğulandı.
Bu məqamda qeyd edək ki, yazımızda heç də Forumdakı bütün çıxışlardan bəhs etmək niyyətində deyilik. Sadəcə olaraq bir neçə çıxış fonunda Foruma dair ümumi dəyərləndirməni formalaşdırmaq niyyətindəyik.
Ömer Kocaman: TDT üzv ölkələr arasında iqtisadi potensialın gücləndirilməsi üçün önəmli platformadır
Tam bir türk ruhu aurasında öz işinə başlayan Forumun açılış mərasimi Prezident İlham Əliyevin türk dünyasına aid fikirlərini əks etdirən videoçarxın nümayişi ilə başladı. Daha sonra Türk Dövlətləri Təşkilatının baş katibinin köməkçisi Ömer Kocamanın forum iştirakçılarına videomüraciəti nümayiş olundu.
Videomüraciətdə qeyd olunurdu ki, TDT-yə üzv olan ölkələr arasında ticarət dövriyyəsi son illər artır və bu ölkələrin böyük iqtisadi potensialı var: “TDT üzv ölkələr arasında iqtisadi potensialın gücləndirilməsi üçün önəmli platformadır”.
Nigar Ələsgərova: “Türk Dövlətləri İqtisadi Forumu” qarşısına bir sıra mühüm vəzifə və məqsədlər qoyub
Sonra çıxış edən Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasının (KOBSKA) sədri Nigar Ələsgərova tədbirin məqsədi barədə ətraflı məlumat verdi.
Qeyd olundu ki, Türk Dövlətləri Təşkilatının rəsmi tərəfdaşlığı, KOBSKA və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə Azərbaycanda keçirilən “Türk Dövlətləri İqtisadi Forumu” qarşısına bir sıra mühüm vəzifə və məqsədlər qoyub: “Forum ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, türk markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk dövlətləri arasında münasibətlərin gücləndirilməsi məqsədi daşıyır”.
Vurğulandı ki, Forum Kapital Bank, Caspian Kapital Group, Unimetal və Gemza Holdingin maliyyə dəstəyi, CEO Platform, Azərbaycan Korporativ İş Adamları Birliyi (AKİAB), Türk Dünyası Tarım Birliyi və Yazılım Sanayicileri Dərnəyinin (YASAD) təşkilati dəstəyi ilə keçirilir.
Ümumilikdə, Nigar Ələsgərovanın moderatorluğu ilə keçirilən açılış mərasimində Yeni Azərbaycan Partiyasının sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və Türkiyənin keçmiş təhsil naziri, hazırda Türkiyə Böyük Millət Məclisinin Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman Komissiyasının sədri Mahmut Özer xüsusi qonaq qismində çıxış etdilər.
Çıxşlardan sonra Forum öz işini panel iclasları ilə davam etdirdi.
Forum iştirakçıları bir anlıq özlərini vahid türk iqtisadi məkanında hiss edirdilər
Panel iclaslarındakı bəzi çıxışlar barədə məlumata keçməzdən öncə bir vacib məqamın da üzərində dayanmağı vacib hesab edirik. Söhbət Forumun keçirildiyi məkanda, necə deyərlər, tam bir iqtisadi mühitin yaradılmasından gedir.
Belə ki, Forum çərçivəsində 12 şirkət öz stendlərində məhsul və xidmətlərini sərgiləyirdilər. Bu stendləri ziyarət edənlər isə, belə demək mümkünsə, bir anlıq özlərini vahid türk iqtisadi məkanında hiss edirdilər.
Beləliklə, ümumilikdə 500-ə yaxın yerli və xarici qonaqların, sahibkarlar, ziyarətçilər, media nümayəndələri və iş adamlarının iştirak etdiyi Forum panel iclasları ilə işini davam etdirdi. “Türk dövlətləri arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və tövhəsi”, “ Çin yoxsa Hindistan yolu?, Ələt Azad İqtisadi zonasının əhəmiyyəti”, “Türk qadını – Qadın sahibkarlığının inkişafı”, “Türkdilli ölkələrdə iqtisadi əməkdaşlıq – Brendləşmə, Françayzinq” başlıqlı panellərdə müxtəlif dövlət qurumlarından yüksək vəzifəli şəxslər, investorlar, xarici ölkələrdən gəlmiş mütəxəssislər çıxış etdilər.
Vüqar Bayramov: Türk dövlətlərinin 1,2 trilyon dollarlıq xarici ticarət dövriyyəsi var
Məsələn, Milli Məclisin deputatı Vüqar Bayramov çıxışında qeyd etdi ki, əgər türk dövlətləri 1 dövlət olsaydı, alıcılıq qabiliyyəti nəzərə alınmaqla, dünyada 7-ci ən böyük ölkə olardı.
Çıxışda bildirildi ki, türk dövlətlərinin 1,4 trilyon dollarlıq nominal ÜDM-si var: “Amma biz buna real ÜDM kimi baxsaq, yəni alıcılıq qabiliyyəti indeksi ilə hesablasaq türk dövlətlərinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-nin həcmi təxminən 4,7 trilyon dollardır. Bu o deməkdir ki, əgər türk dövlətləri 1 dövlət olsaydı alıcılıq qabiliyyəti nəzərə alınmaqla ÜDM-in həcminə görə dünyada 7-ci ən böyük ölkə olardı”.
Deputat əlavə etdi ki, bu real iqtisadiyyatın böyüklüyünü göstərən əsas faktorlatrdan biridir: “Eyni zamanda digər potensial türk dövlətlərinin xarici ticarət dövriyyəsidir. Türk dövlətlərinin 1,2 trilyon dollarlıq xarici ticarət dövriyyəsi var. Bu gün türk dövlətləri arasında xarici ticarət dövriyyəsinin həcmi təxminən 42 milyard dollardır. Bu türk dövlətlərinin ümumi ticarət dövriyyəsinin 3,5 faizini təşkil edir. Bu isə o deməkdir ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsinin 96,5 faizi digər ölkələrlədir. Bu həm də o deməkdir ki, türk dövlətlərinin xarici ticarət dövriyyəsində hər 100 dolların cəmi 3,5 dolları türk dövlələri ilə xarici ticarətdən formalaşır”.
Dos. Dr. Cahit Bağcı: Forum TDT-yə üzv olan ölkələr arasında iqtisadi əlaqələri təşviq edir
Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağçı da çıxışında diqqəti TDT-yə üzv ölkələrin ticarət dövriyyəsinin həcminə yönəltdi. Səfir vurğualdı ki, bu göstəricinin artırılması üçün potensial var.
Çıxışında mayın 1-də Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzaladığını deyən səfir əlavə etdi ki, bu əməkdaşlıq bölgənin dəyərli və strateji əhəmiyyətə malik olduğunu bir daha göstərdi”.
C.Bağçı qeyd etdi ki, bu Forum TDT-yə üzv olan ölkələr arasında iqtisadi əlaqələri təşviq edir.
Sonda vurğulayaq ki, Forumdakı çıxışlarda ümumi bir qənaət ifadə olundu. Natiqlər qeyd etdilər ki, iqtisadi sahədə birgə addımların atılması daha da intensivləşməli birgə layihənin reallaşdırılması daha da sürətlənməlidir.