Press "Enter" to skip to content

Samir Seyidəhmədli: Qarşıda əsas 4 hədəf dayanır

Samir Seyidəhmədli

Son yeniləmə: 3 May 2024 10:28

Naxçıvan “Türk Dövlətləri İqtisadi Forumu”nda təmsil olunub

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Türk Dövlətləri Təşkilatının (TDT) rəsmi tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə ilk dəfə Azərbaycanda “Türk Dövlətləri İqtisadi Forumu” keçirilib.

Naxçıvan
Naxçıvan

Forumda Milli Məclisin deputatı Nigar Arpadarainin moderatorluğu ilə keçirilən “Türkdilli ölkələr arasında iqtisadi əməkdaşlıq, qlobal iqtisadiyyata təsiri və töhfəsi” mövzusunda ilk panel müzakirəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli çıxış edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya nümayəndəlikdən məlumat verilib.

Dövlət proqramı 11 prioritet istiqamətdən ibarətdir

Məlumata görə, “Naxçıvan Muxtar Respublikasının sosial iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” barədə məlumat verən Samir Seyidəhmədli diqqətə çatdırıb ki, sözügedən proqram 11 prioritet istiqamətdən ibarətdir: “Burada əlverişli biznes mühitinin, ixracyönümlü sənayenin yaradılması, sosial sahənin, insan kapitalının, ticarətin infrastruktur təminatının və turizmin inkişafı, institusional inkişaf, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, elektrik enerjisi istehsalı və ixracı, eləcə də ətraf mühitin mühafizəsi prioritetlər sırasındadır. Proqramda yer alan mühüm 3 əsas istiqamət muxtar respublikanın iqtisadi inkişafının qısa müddətdə dirçəlməsinə yönəlmiş çox vacib komponentləri özündə birləşdirir. Belə ki, iqtisadiyyatın əsas sahələrinə vergi güzəştlərini, sosial sığorta öndənişləri sahəsinə güzəştləri, gömrük rüsumlarına dair güzəştləri və logistik dəstəyi, aşağı faizli kreditlərin verilməsini özündə ehtiva edir”.

Dövlət proqramında da alternativ enerji istehsalı və ixracı ən əsas məslələrdən biridir

Qeyd edilib ki, səlahiyyətli nümayəndənin müavini çıxışında muxtar respublikanın potensialını diqqətə çatdırıb.

Naxçıvan şəhərinin ümumi görünüşü
Naxçıvan şəhərinin ümumi görünüşü

Vurğulanıb ki, qarşıda əsas 4 hədəf dayanır: “Bu sahələr “yaşıl enerji”, aqrar sahə, turizmin inkişafı və logistik nəqliyyat dəhlizinin yaradılmasıdır. 2023-cü ildə Naxçıvanı “yaşıl enerji” zonası elan edən Prezident cənab İlham Əliyev muxtar respublikaya səfəri zamanı qeyd edib ki, Naxçıvanın nefti, qazı olmasa da, qızmar günəşi var və bu potensialdan düzgün istifadə olunmalıdır. Beləliklə, dövlət proqramında da alternativ enerji istehsalı və ixracı ən əsas məslələrdən biridir. Bununla bağlı çox ciddi işlər görülüb, 8 min hektar yer ayrılıb. Bunun 5 min hektarı Günəş, 3 min hektarı isə külək enerjisinin istehsalı üçün nəzərdə tutulub. Bu məqsədlə memorandum imzalanıb və artıq istehsalın başlanması üçün addımlar atılmağa başlanılıb”.

Muxtar respublikanın əlverişli təbiəti təbii məhsulların istehsalına və təşviqinə gətirib çıxarır

Məlumata əsasən, Samir Seyidəhmədli vurğulayb ki, muxtar respublikanın əlverişli təbiəti təbii məhsulların istehsalına və təşviqinə gətirib çıxarır: “Sosial-iqtisadi inkişafa dair dövlət proqramında da “Orqanik Naxçıvan” brendi adı altında kənd təsərrüfatı məhsullarının ölkə və dünya bazarına çıxarılması üçün əməli addımlara başlanılıb. Bu istiqamətdə konsepsiya artıq hazırlanıb və həyata keçirilməsi üçün ayrıca bir qurum yaradılıb”. Çıxışında Naxçıvanın turizm atlasının hazırlanması istiqamətində ciddi addımlar atıldığını da önə çəkən

Yeni turizm məhsullarının təqdim edilməsi ilə bağlı layihələr hazırlanıb

Samir Seyidəhmədli qeyd edib ki, bu sahədə infrastrukturun yenidən qurulması, yeni turizm məhsullarının təqdim edilməsi ilə bağlı layihələr hazırlanıb: “Muxtar respublikanın coğrafi mövqeyi burada logistik tranzit dəhlizin geniş imkanlarını bir daha göstərir və dövlət proqramında da bununla bağlı xüsusi tədbirlərin icrası nəzərdə tutulub. Araz çayı üzərində yeni Türkiyə-Azərbaycan körpüsünün, geniş avtomobil yolunun salınması, dəmir yolunun layihələndirilməsi bu istiqamətdə əsas addımlardandır”.

Görülmüş işlər artıq öz nəticələrini verir

Xəbərdə qeyd edilir ki, Samir Seyidəhmədli Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında ticarət fəaliyyəti ilə bağlı bir çox xüsusi məqamları da sadalayıb. Səlahiyyətli nümayəndənin müavini qeyd edib ki, 2016 və 2021-ci illərdə Türkiyə Nazirlər Kabinetinin müvafiq qərarları sərhəd ticarətinin tənzimlənməsində mühüm rol oynayır: “Bu da Naxçıvan və Türkiyənin yaxın vilayətləri arasında məhsul dövriyyəsinin rüsumsuz tətbiqinə geniş imkanlar yaradır. Görülmüş işlər artıq öz nəticələrini verir. 2023-cü ildə Naxçıvandan Türkiyəyə ixrac 51 faiz, muxtar respublikada yeni fəaliyyətə başlayan sahibkarlıq subyektlərinin sayı 2 dəfədən çox, vergi daxilolmaları isə hər hansı bir inzibati tədbir görülmədən 29 faiz artıb. Beləliklə, dövlət proqramının verdiyi imkanlar, gələcəkdə tranzit logistik dəhlizin yaradacağı fürsətlər Naxçıvanda mühüm logistik hab, ticarət mərkəzi imkanlarını artırır. Bütün bunlar investisiya qoyuluşu üçün yeni imkanlar yaradacaq”.

Samir Seyidəhmədli çıxışında qardaş ölkələrin iş adamlarını bu imkanlardan yararlanmağa dəvət edib.

Mission News Theme by Compete Themes.