BAYRAQDAR MEDİA – Mayın 2-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollecin təşkilatçılığı ilə “Ruhumuzun səsi” adlı konsert proqramı təqdim olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Kollecin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tanınmış simaların, sənətkarların və təhsil işçilərinin də iştirak etdiyi musiqili gecədə Kollecin direktoru, musiqişünas Nərmin Qaralova bildirib ki, sözügedən təhsil müəssisəsinin yaradıcı heyəti hər zaman tematik konsert proqramları ilə izləyicilərin görüşünə gəlib. O, bu konsertdə klassik, ənənəvi və milli musiqini sintez edərək ifaçıların ruhlarının dərinliklərindən gələn səsi dinləyiciyə çatdıracaqlarını qeyd edib”.
Daha sonra xəbərdə, “tədbirdə kollecin müəllim və tələbələrinin ifasında “Bu dünya”, “Mən sənin yanına qışda gələrdim”, “Məhəbbət”, “Etməzmidim”, “Sən uzaq yaşıl ada”, “İncə bellim”, “Məhəbbət”, “Bura Vətəndir”, “You are the reason”, “Almost is never enough”, “Flamenco” və s. kimi Azərbaycan və xarici bəstəkarların seçilmiş əsərləri, ənənəvi musiqi səsləndirilib. Musiqiçilər tamaşaçılara müxtəlif musiqi alətlərinin qarışığından ibarət mükəmməl improvizələr təqdim ediblər. Layihə çərçivəsində həm də ADMİU nəzdində Humanitar Kollecin “Dekorativ – tətbiqi incəsənət” və “Təsviri sənət” fakültəsinin tələblərinin yaradıcı işlərindən ibarət sərgi nümayiş olunub” deyə bildirilir.
Qeyd edək ki, Humanitar Kollec 86 ildir fəaliyyət göstərir və Azərbaycana ziyalılar, sənət dünyasına tanınmış simalar – Respublikanın əməkdar və xalq artistlərini bəxş edib.