Son yeniləmə: 3 May 2024 15:22
BAYRAQDAR MEDİA – Mayın 3-ü Ümumdünya Mətbuat Azadlığı Günü kimi qeyd edilir. Bu gün ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.
Tədbirdə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin və Bakı Slavyan Universitetinin (BSU), Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri iştirak edib.
Sərgidə öncə MEK-in kitabxana xidməti üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, Dos. Şəhla Tahirqızı çıxış edərək qonaqları, tələbələri Kitabxananın direktoru texnika üzrə fəlsəfə doktoru, Dos. Hüseyn Hüseynovun adından salamlayıb, sərgini təşkil edən MEK-in İctimaiyyətlə əlaqələr və informasiya, həmçinin Xidmət şöbələrinə təşəkkür edib.
Ardınca MEK-in Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı məlumat verib. Bildirib ki, bu gün BMT Baş Məclisinin qərarı ilə 1993-cü ildən qeyd olunur. M.Göyüşlü günün mahiyyətindən və söz, mətbuat azadlığından danışarkən dünyada bu istiqamətdə keçirilən tədbirlərdən də söz açıb. Həmçinin o vurğulayıb ki, bu sahə ilə məşğul olanlar həmişə dünyada aparıcı qüvvəyə malik olublar. Şöbə müdiri onu da əlavə edib ki, Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycanda da qeyd edilir, bu gün münasibəti ilə müxtəlif tədbirlər keçirilir.
Daha sonra MEK-in Xidmət şöbəsinin müdiri Ofeliya Yunisova sərgi haqqında danışaraq burada 80-dən çox azərbaycanca, türkcə və xarici dillərdə nəşrlərin yer aldığını bildirib.
Daha sonra sərgiyə baxış keçirilib, həmçinin tələbələrin MEK ilə tanışlığı olub.
Qeyd edək ki, sərgi 2 həftə davam edəcək.