Press "Enter" to skip to content

“Əzim Əzimzadə” kitab-albomunun təqdimatı

Təqdimat zamanı

Son yeniləmə: 3 May 2024 12:13

BAYRAQDAR MEDİA – Mayın 2-də Bakı Kitab Mərkəzində Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) professoru Çingiz Fərzəliyevin Azərbaycanda karikatura sənətinin banisi Əzim Əzimzadənin zəngin yaradıcılığına həsr olunmuş “Əzim Əzimzadə” kitab-albomunun təqdimatı keçirilib.

Təqdimatda Azərbaycanın tanınmış rəssamları, ədəbiyyatçıları, mədəniyyət xadimləri, xarici qonaqlar, musiqiçilər iştirak ediblər.

Tədbiri sözügedən Mərkəzin direktoru, yazıçı, publisist Günel Rzayeva açaraq qonaqları salamlayıb. O, nəfis tərtibatda hazırlanmış kitabdan söz açaraq nəşrin önəmini diqqətə çatdırıb. Direktor çıxışında Ə.Əzimzadəni Azərbaycanın milli sərvəti adlandıraraq qeyd edib ki, onun əsərlərini görmək, toplu şəklində öyrənmək çox vacibdir. Çıxışının sonunda direktor nəşrdə əməyi keçən hər kəsə təşəkkürünü bildirib, sözü gecənin aparıcısı “Bakı İncəsənət Mərkəzi” Yaradıcılıq Birliyinin baş direktoru Rafael Gülməmmədliyə verib.

R.Gülməmmədli Ə.Əzimzadə yaradıcılığından söz açaraq onun Azərbaycan üçün dəyərindən danışıb, rəssamın realistik ənənənin çox gözəl davamçısı olduğunu deyib. O, Ə.Əzimzadənin “Molla Nəsrəddin” nəsli jurnalistikasında fəaliyyəti haqqında danışarkən eyni zamanda Ç.Fərzəliyevin sözügedən kitabın üzərində çalışma prosesi haqqında da məlumat verib və müəllifə fəxr olunası bir toplunu ərsəyə gətirdiyi üçün təşəkkür edib.

Ardınca kitabın ön sözünün müəllifi, Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək Ç.Fərzəliyevin Azərbaycan sənətində ucalığından bəhs edib. Yazıçı Ç.Fərzəliyevin gördüyü işlər haqqında məlumat verərkən qeyd edib ki, bütün bu işlərin başında Ə.Əzimzadə albomu durur. O vurğulayıb ki, məhz bu kitab-albom sayəsində şahid olunur ki, Ə.Əzimzadə böyük bir epoxanın zəngin personajlar qalereyasını yaradıb. Xalq yazıçısı bu cəhətdən rəssamı Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabirlə müqayisə edərək bildirib ki, onlar da öz dövrünün insanlarının zəngin qalereyasını yaradıblar. O, Ə.Əzimzadənin əsərlərini karikatura yox, canlı insanlar adlandırıb və rəssama həsr olunmuş nəfis tərtibatdakı bu kitaba görə Ç.Fərzəliyevə təşəkkür edib.

Tədbirdə Özbəkistandan olan qonaq Özbəkistan Təsviri İncəsənət Qalereyasının direktor müavini, sənətşünaslıq doktoru Kamola Akilova çıxış edərək Ç.Fərzəliyevin əsərlərinin dəyərindən danışıb, incəsənət xadiminin Özbəkistanda da çox sevildiyini bildirib.

Tədbirdə çıxış edənlər – Xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq rəssamı Ömər Eldarov, sənətşünaslıq üzrə elmlər doktoru, Prof. Ərtegin Salamzadə, filologiya elmləri doktoru, ictimai xadim, Prof. Rafael Hüseynov, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Şirin Məlikova, ADRA-nın rektoru, Xalq rəssamı, Prof. Natiq Əliyev, Xalq artisti, Prof. Siyavuş Kərimi Ç.Fərzəliyevin sənətinin önəmindən söz açaraq onun Ə.Əzimzadəyə həsr etdiyi kitab-albomun Azərbaycan üçün çox böyük dəyər olduğu vurğulayıblar, belə təqdimatların tez-tez olmasınının vacibliyini dilə gətiriblər.

Sonda Ç.Fərzəliyev çıxıb edərək ünvanına söylənilən fikirlərə, təbriklərə görə hər kəsə təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Milli İncəsənət Muzeyi tərəfindən nəşr olunmuş kitab rəssamın həyatını, dövri mətbuatdakı fəaliyyətini, teatr sahəsindəki nailiyyətlərini, xeyli sayda nəşr olunmamış əsərlərini, ümumiyyətlə bütün yaradıcılığını əhatə edir.

Mission News Theme by Compete Themes.