BAYRAQDAR MEDİA – Müxtəlif ölkələrin hərbi qulluqçularının iştirak etdiyi kompüter dəstəkli komanda-qərargah təliminin icra mərhələsi keçirilir.
Xəbəri BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən veriblər.
Bildirilir ki, ilkin mərhələdə “təlimə nəzarət qərargahının hazırlıq prosesi həyata keçirilib, ssenari və icra olunacaq tapşırıqlara dair brifinq verilib”.
Daha sonra qeyd edilir ki, təlimdə “əsas diqqət qarşılıqlı təcrübə mübadiləsinin aparılması, iştirakçı ölkələrin hərbi qulluqçularının birgə fəaliyyətinin təşkili, qərargah zabitlərinin xəritə üzərində qərar qəbuletmə bacarıqlarının artırılması, həmçinin onların peşəkarlıq və hazırlıq səviyyəsinin daha da təkmilləşdirilməsinə yönəldilib. Bundan başqa çoxmillətli Müştərək Tapşırıq Qüvvəsinin qərargahında tətbiq olunan kompüter dəstəkli komanda-idarəetmə sistemləri təlim iştirakçıları tərəfindən məşq etdirilib”.
O da bildirilir ki, “plana uyğun olaraq, təlimin icra mərhələsində çoxmillətli qərargaha daxil olan müdaxilələr əsasında müxtəlif tapşırıqlar icra olunur. Azərbaycan Ordusunun təlimə cəlb edilən hərbi qulluqçuları digər iştirakçılarla birgə qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər”.
Qeyd edilir ki, mayın 30-dək keçiriləcək təlim çərçivəsində “kompüter dəstəkli komanda-qərargah fəaliyyətləri və döyüş atışlı praktiki məşqlər icra olunacaq”.