Son yeniləmə: 2 May 2024 12:50
BAYRAQDAR MEDİA – Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə “Bakı KOB evi”ndə KOB-ların “yaşıl iqtisadiyyat”a transformasiyası və “yaşıl maliyyələşmə”yə dair seminar keçirilib.
KOBİA-nın məlumatında bildirilir ki, “tədbirdə KOB sektoru ilə əlaqəli dövlət və özəl qurumların, o cümlədən maliyyə təşkilatlarının 20-dən artıq nümayəndəsi iştirak edib. Seminarda Asiya İnkişaf Bankının yerli və beynəlxalq ekspertləri tərəfindən KOB-lar üzrə yaşıl inkişafın əhəmiyyəti, yaşıl keçid strategiyasının hazırlanması, ətraf mühit risklərinin idarə edilməsi, iqlim məsələlərinin investisiya qərarlarına daxil olunması kimi mövzular üzrə məlumat verilib, qabaqcıl təcrübə diqqətə çatdırılıb, iştirakçıların sualları cavablandırılıb”.
Məlumatda qeyd edilib ki, seminar Azərbaycanda elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili” və bu il Bakıda keçiriləcək COP29 tədbiri ərəfəsində KOB sektoru üzrə maraqlı tərəflərin potensialının artırılması məqsədilə təşkil olunub.