Son yeniləmə: 2 May 2024 18:28
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) qorunan kitablardan biri də “Dərələyəz mahalının toponimləri və şivə sözləri”dir.
Müəllifi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, Prof. Həsən Mirzəyev olan nəşrdə Qədim Oğuz yurdu olan Dərələyəz mahalının toponimləri ilk dəfə olaraq tarixi-linqvistik aspektdə araşdırılıb, ərazinin toponimlərinin yaranma və formalaşma yolları zəngin faktlar əsasında izah edilib.
Kitabın girişində müəllif yazır: “Məlum olduğu kimi, son bir neçə əsrdə qədim türk, oğuz yurdu olan indiki Ermənistandan, o cümlədən Dərələyəzdən azərbaycanlılar dəfələrlə deportasiya olunmuş, oradakı yer-yurd adları dəyişdirilmiş, bir çox tarixi abidələrin üzərində əməliyyat işləri aparılaraq yazıları dəyişdirilmiş və bunlar erməni tarixi abidəsi kimi qələmə verilmişdir. Bütün bunları nəzərə alıb torpağını-daşını qarış-qarış gəzdiyim, maddi-mədəniyyət abidələrinə dərindən bələd olduğum, yarım əsr müddətində dönə-dönə yaşlı adamları ilə söhbət etdiyim Dərələyəzin onomastik vahidlərini qələmə almağı zəruri hesab etdim. Məncə, gələcək tədqiqatçılar, vətən övladları, öz doğma yurduna qayıtmaq istəyən azərbaycanlılar bu tarixi həqiqətlərdən faydalana biləcəkdir. Onu da qeyd etməliyəm ki, burada bütün onomastik vahidlərdən yox, Dərələyəzdəki yer-yurd adları ilə bağlı olan bəzi onomastik vahidlərdən söhbət açacağam. Kitab böyük bir dövrü, böyük bir mahalı əks etdirdiyi üçün yəqin ki, nöqsanlardan da xali deyildir. Bunları, xüsusən yer-yurd və digər adlardan qeyd olunmayanları kitabın ikinci nəşrinə qədər müəllifə çatdırsanız böyük bir xeyirxah iş görmüş olarsınız”.
2003-cü ildə çap edilmiş nəşrin elmi müəllifi filologiya elmləri doktoru, Prof. Buludxan Xəlilov, filologiya üzrə elmlər doktoru, Prof. Aslan Bayramov, rəyçiləri isə filologiya elmləri doktoru, Prof. Cəfər Cəfərov və filologiya elmləri doktoru, Prof. İbrahim Bayramovdur.