Son yeniləmə: 2 May 2024 08:43
BAYRAQDAR MEDİA– Mayın 2-də Bakıda “Türk Dövlətləri İqtisadi Forumu 2024” adlı beynəlxalq tədbir keçiriləcək. Tədbirdə türk dövlətləri arasında iqtisadi əməkdaşlıq imkanlarına dair müzakirələr aparılacaq.
Təşkilatçılardan olan Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyasından (KOBSKA) bildirilib ki, ümumiyyətlə bu tədbir xüsusi önəm kəsb edir: “Forum Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Türk Dövlətləri Təşkilatı (TDT) və Yazılım Sanayiçileri Derneyi (YASAD) tərəfdaşlığı, Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) və Azərbaycan Françayzinq Assosiasiyasının (AFA) birgə təşkilatçılığı ilə keçiriləcək. Türk dövlətləri arasında ilk dəfə keçirilən tədbir, bu ölkələr arasında mövcud bazar və investisiya imkanlarının öyrənilməsi, markaların beynəlxalq mühitə inteqrasiyasının təşkili, şirkətlərarası kommersiya münasibətlərinin inkişaf etdirilməsi, xarici investor və şirkətlərin ölkəyə cəlb olunmasına dəstək, türk dövlətləri arasında iqtisadi münasibətlərin daha da gücləndirilməsi məqsədini daşıyır”.