BAYRAQDAR MEDİA – Pakistanın MUSLIM İnstitutunun sədri Sahibzadə Sultan Əhməd Əli Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) qonağı olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Aİİ-dən daxil olub.
Xəbərdə qeyd edilir ki, “tədbirdə Aİİ rektoru, Dos. Aqil Şirinov qonağı İnstitutda görməkdən məmnun olduğunu bildirib. Rektor Azərbaycan və Pakistan ölkələri arasında mövcud qardaşlıq münasibətləri haqqında söhbət açıb. İnstitut rəhbəri hər zaman Azərbaycanın yanında olduğu üçün, xüsusilə 44 günlük Vətən müharibəsi zamanında bizə göstərdikləri mənəvi dəstəyə görə Pakistan xalqına təşəkkür edib. Rektor daha sonra Aİİ ilə Pakistanın Müsəlman İnstitutu arasında mövcud əməkdaşlıq memorandumuna diqqət çəkib, iki ali təhsil müəssisəsinin birlikdə fəaliyyəti və gələcək perspektivləri barədə danışıb”.
Daha sonra xəbərdə, “S.S.Ə.Əli “Məhəmməd Füzuli və Məhəmməd İqbal yaradıcılığının müqayisəli təhlili” mövzusunda çıxış edib. O, Azərbaycanın dahi şairi Məhəmməd Füzuli və XVII əsr pakistanlı sufi mütəfəkkir Məhəmməd İqbal yaradıcılığı arasındakı əlaqə, ədəbi-fəlsəfi görüşlərinin təhlilinə diqqət çəkib. Qonaq Azərbaycanın dahi şairi M.Füzuli və M.İqbal yaradıcılığında peyğəmbərlik konsepsiyası və müsəlman mədəniyyəti məsələlərinin mühüm yer tutduğunu vurğulayıb. S.S.Ə.Əli İslam dininin Pakistanda yayılması, həmçinin sufi məktəbləri barədə geniş məlumat verib”.
Seminarda Azərbaycan–Pakistan qardaşlığı, ali təhsil müəssisələri arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilən tədbirlər və Pakistan Müsəlman İnstitutunun Xocalı soyqırımının tanıdılması istiqamətində gördüyü işlər barədə materialları özündə əks etdirən videoçarx təqdim edilib.