Son yeniləmə: 1 May 2024 14:34
Abbas İsmayılov: Muxtar respublika iqtisadiyyatında şəffaflaşma məqsədilə 2024-cü ilin mart ayınadək yumşaq keçid tətbiq edilib
BAYRAQDAR MEDİA – “Naxçıvan Muxtar Respublikasında 2023-cü ildə ümumi məhsul istehsalı 1 milyard 550 milyon manatdan çox olub.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov deyib.
Onun sözlərinə görə, 2024-cü ilin I rübü ərzində ümumi daxili məhsul istehsalı 318 milyon 794 min manat olub ki, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,9 faiz çoxdur.
Nazir müavini qeyd edib ki, muxtar respublika iqtisadiyyatında şəffaflaşma məqsədilə 2024-cü ilin mart ayınadək yumşaq keçid tətbiq edilib, vergi nəzarəti tədbirlərinin minimuma endirilməsi kimi yumşaq gücə üstünlük verilib: “Ötən il 2022-ci illə müqayisədə səyyar vergi yoxlamalarının sayı 9 dəfəyədək, operativ vergi nəzarəti tədbirlərinin sayı isə 4 dəfədən çox azaldılıb. Eyni zamanda ötən bir il ərzində Naxçıvan şəhərində, Şərur və Ordubad rayonlarında müasir standartlara cavab verən və vergi orqanının təqdim etdiyi elektron xidmətlər göstərən vergi ödəyicilərinə xidmət mərkəzləri istifadəyə verilib”.
Qeyd edilib ki, 2023-cü ildə xidmət mərkəzləri tərəfindən göstərilən xidmətlərin sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə, 2024-cü ilin I rübü ərzində isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artıb: “2023-cü ildə özəlləşdirmədən daxilolmalar 2,3 milyon manat təşkil edib ki, bu da öncəki ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə, 2024-cü ilin I rübü ərzində ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalar 12,3 dəfə, özəlləşdirilən əmlakların sayı isə 6 dəfə artıb”.