Son yeniləmə: 1 May 2024 14:33
Ülviyyə Zülfiqar: Bundan sonra Qərbi Azərbaycan Televiziyası həftədə 6 dəfə 2 saat boyunca efir yayımlayacaq
BAYRAQDAR MEDİA – “Qərbi Azərbaycan Televiziyası binasının açılış mərasimi ilə televiziyanın efir siyasəti də yenilənir”.
Bunu mayın 1-də media təmsilçilərinə açıqlamasında Qərbi Azərbaycan İcmasının sözçüsü, İctimaiyyətlə əlaqələr və Qərbi Azərbaycan Televiziyası şöbəsinin müdiri Ülviyyə Zülfiqar dedi.
Onun sözlərinə görə, bundan sonra Qərbi Azərbaycan Televiziyası həftədə 6 dəfə – 3 dəfə Azərbaycan, 3 dəfə rus dilində olmaqla 2 saat boyunca efir yayımlayacaq.
Ü.Zülfüqar əlavə edib ki, üstəlik həftə ərzində yarım saatlıq ingilis dilində icmal da nəzərdə tutulub: “Həmçinin televiziyanın ənənəvi verilişləri olan “Müzakirə vaxtı”, Xəbər buraxılışı, “İnsan Hekayəsi” kimi verilişlərlə yanaşı, Ümummilli Lider Heydər Əliyevin Qərbi Azərbaycanla bağlı fəaliyyətinə dair “Ulu Öndər və Qərbi Azərbaycan”, Prezident İlham Əliyevin Qərbi Azərbaycana dair gördüyü işlərlə bağlı “Qərbi Azərbaycana doğru”, Qayıdış Konsepsiyasına dair “Qayıdış haqqımızdır”, soydaşlarımızın başlarına gələn müsibətləri əks etdirən “İnsanlıq əleyhinə”, o cümlədən Qərbi Azərbaycanın maddi və qeyri-maddi, mədəni irsini özündə əks etdirən “Deportasiyaya uğrayan irs”, “Addım-addım Qərbi Azərbaycan”, “Ədəbi İrəvan”, “Qərbi Azərbaycan ləzzətləri” və sair kimi verilişlər də yayımlanacaq”.
Qeyd edildi ki, televiziyanın binasında sözügedən verilişlərin çəkilməsi üçün müvafiq studiyalar və lazımi avadanlıqlar quraşdırılıb, yaradıcı heyətin fəaliyyət göstərməsi üçün geniş şərait yaradılıb.