BAYRAQDAR MEDİA – Mayın 1 – də Baş nazir Əli Əsədov qardaş Türkiyənin İnsan Hüquqları və Bərabərlik Qurumunun sədri Muharrem Kılıçla görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Nazirlər Kabinetindən məlumat verilib.
Xəbərdə deyilir ki, “görüşdə ölkəmizdə demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına, insan hüquq və azadlıqlarının səmərəli müdafiəsinə yönəlmiş davamlı islahatlar barədə söhbət açılıb. Azərbaycan ilə Türkiyə arasında müxtəlif istiqamətlərdə olduğu kimi insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində mövcud əməkdaşlığın davamlı inkişafından məmnunluq ifadə olunub. İki ölkənin Ombudsman təsisatları arasında 2021-ci ildə Bakıda imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb, bu çərçivədə görülən işlərin müvafiq sahədə əməkdaşlığın inkişafına töhfə verdiyi bildirilib. Görüşdə Azərbaycan-Türkiyə qarşılıqlı faydalı əməkdaşlığının müxtəlif sahələrdə, o cümlədən insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində inkişaf perspektivləri müzakirə olunub”.
Məlumata görə, Ombudsman Səbinə Əliyeva da görüşdə iştirak edib.