BAYRAQDAR MEDİA – Son aylar mövsümi yağıntılar hesabına Urmu gölündə suyun həcmində artım müşahidə olunub. Fars-molla rejimi bunu gölün bərpası layihəsi ilə əlaqələndirir. Bu da Güney Azərbaycanlılar arasında haqlı narazılıq yaradıb.
Bu haqda xəbəri GünAz.TV verib.
Xəbərdə deyilir ki, “Təbriz Universitetinin hidrologiya və meteorologiya fakültəsinin müəllimi Prof. Bəhruz Sari gölün bərpası ilə bağlı aparılan təbliğatı əsassız adlandırıb. Bu gedişatla Urmu gölü bir müddət sonra yenidən quruyacaq”.
Bəhruz Sari bildirib ki, “yağıntılar nəticəsində göldə suyun cüzi şəkildə artmasını bayram etməyə dəyməz. Bir müddət sonra havaların istiləşməsi ilə eyni vaxtda göldə olan suyun çox hissəsi buxarlanacaq və göl yenidən quruyacaq. 30 milyard kubmetr tutumu olan göldə hazırda 2 milyard kubmetrə yaxın su var və bu, minimum ekoloji səviyyədən də qat-qat azdır. Gölün bərpa olunmasından ən azı 14 milyard kubmetr su toplanandan sonra danışmaq olar”.
Qeyd edək ki, Urmu gölünün su həcmi 30 milyard kubmetr təşkil etsə də hazırda göldə 2 milyard kubmetr suyun olduğu təxmin edilir.