Press "Enter" to skip to content

Azərbaycanda sağlam iqtisadi inkişaf modeli formalaşıb

Tədbir zamanı

Son yeniləmə: 1 May 2024 11:00

Naxçıvanda Sahibkarlar Günü münasibətilə görüş keçirilib

BAYRAQDAR MEDİA – Aprelin 30-da Naxçıvanda “Sahibkarlar Günü: Naxçıvan Muxtar Respublikasının ixrac perspektivləri” mövzusunda tədbir keçirilib. Naxçıvan şəhərindəki Biznes Mərkəzində keçirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli dövlət başçısının 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən hər il aprelin 25-nin Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunduğunu bildirib, əlamətdar gün münasibətilə muxtar respublika sahibkarlarını təbrik edib və fəaliyyətlərində uğurlar arzulayıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya nümayəndəlikdən məlumat verilib.

Məlumata görə, səlahiyyətli nümayəndə bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə özəl sektorda sistemli islahatlar aparılır: “Bunun nəticəsidir ki, Azərbaycanda sağlam iqtisadi inkişaf modeli formalaşıb, makroiqtisadi sabitliyə nail olunub, sosial rifah göstəriciləri yüksəlib”.

Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlar sırasında institusional tədbirlər də xüsusi yer tutur

Məlumata əsasən, “Bu gün Azərbaycanda özəl sektorun inkişafı, istehsalın genişləndirilməsi və ixrac potensialının artırılması iqtisadiyyatın strateji prioritetlərindəndir”, – deyən F.Nəcəfli vurğulayıb ki, dövlət başçısının təsdiq etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də “dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat”ın formalaşdırılması əsas hədəf kimi götürülüb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərkən
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərkən

F.Nəcəflinin sözlərinə görə, reallıq ondan ibarətdir ki, Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlar sırasında institusional tədbirlər də xüsusi yer tutur: “Ötən dövrdə məhkəmə-hüquq sistemində şəffaflıq artırılıb, haqsız rəqabətin qarşısı alınıb, dövlət vergi və gömrük siyasəti sahibkarlıqfəaliyyətinə uyğun stimullaşdırılıb”.

Naxçıvanda özəl sektorun inkişafı ilə bağlı mühüm fəaliyyət istiqamətləri müəyyənləşdirilib

Çıxışına davam edən səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda özəl sektorun inkişafı ilə bağlı mühüm fəaliyyət istiqamətləri müəyyənləşdirilib: “Əlverişli biznes mühitinin yaradılması, hüquqi və fiziki şəxslərə vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi ilə bağlı tədbirlərin görülməsi, bank və sığorta xidmətlərinin əhatə dairəsinin genişləndirilməsi, sahibkarlıq subyektlərinə güzəştli kreditlərin verilməsi, zəmanət və digər dəstək mexanizmlərinin tətbiqi, ən əsası isə azad iqtisadi zonaların yaradılması Dövlət Proqramında nəzərdə tutulan vəzifələrdir”.

Tədbirdə bildirilib ki, Dövlət Proqramı Naxçıvanda digər sahələr kimi, özəl sektorun inkişafı üçün də geniş imkanlar açacaqdır
Tədbirdə bildirilib ki, Dövlət Proqramı Naxçıvanda digər sahələr kimi, özəl sektorun inkişafı üçün də geniş imkanlar açacaqdır

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının bütün ərazisini əhatə edən Azad iqtisadi zonanın yaradılmasına hazırlıq məqsədilə aidiyyəti qurumların rəy və təklifləri əsasında xüsusi iqtisadi rejimin tətbiq edilməsi ilə bağlı konsepsiya və hüquqi sənədlər hazırlanıb və aidiyyəti üzrə təqdim edilib: “Həmçinin, Dövlət Proqramına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının bütün ərazisində gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması və ixraca logistik dəstək verilməsi sahəsində də işlər aparılır”.

Üçüncü prioritet istiqaməti “İxracyönlü sənayenin yaradılması” ilə bağlıdır

F.Nəcəfli qeyd edib ki, sahibkarlığın inkişafında diqqətə alınacaq ilk məsələ ixrac mexanizminin düzgün qurulmasıdır: “Bu işdə sahibkarların üzərinə düşən məsələ rəqabətqabiliyyətli məhsul istehsal etməkdirsə, dövlətin öhdəlikləri isə logistik dəstək, gömrük və vergi güzəştləri, təşviqat metodlarının müəyyən edilməsi və digər bu kimi tədbirlərdir. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın üçüncü prioritet istiqaməti də “İxracyönlü sənayenin yaradılması” ilə bağlıdır. Artıq bu istiqamətdə də tədbirlərin icrasına başlanılıb. Xüsusilə də sənaye parklarının yaradılması, Şərur Sənaye Məhəlləsinin fəaliyyətinin təmin edilməsi, ixrac coğrafiyasının şaxələndirilməsi, ixracyönümlü potensial sənaye sahələri üzrə layihələrin hazırlanması davam etdirilir. Dövlət Proqramı Naxçıvanda digər sahələr kimi, özəl sektorun inkişafı üçün də geniş imkanlar açacaqdır”.

Sahibkarlar da bu işə dəstək verməlidirlər

Səlahiyyətli nümayəndə bildirib ki, dövlət özəl sektorun inkişafı ilə bağlı öhdəlikləri yerinə yetirir: “Sahibkarlar da bu işə dəstək verməli, muxtar respublikada dövlət-özəl tərəfdaşlığına əsaslanan yeni inkişaf modeli müəyyənləşdirilməli, ixracyönümlü məhsul istehsalına nail olunmalıdır”. F.Nəcəfli bu işdə hər bir sahibkara uğurlar arzulayıb, investisiya qoyuluşunda fəal iştiraka dəvət edib.

Xəbərdə daha sonra qeyd edilib ki, tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov muxtar respublika iqtisadiyyatının dinamik inkişafında müsbət meyillərin getdikcə artdığını diqqətə çatdırıb. A.İsmayılov vurğulayıb ki, sahibkarlığın sürətli inkişafında ən önəmli amillərdən biri maliyyə əlçatanlığıdır.

Bildirilib ki, “A.İsmayılov sonra Azərbaycanın Türkiyədki ticarət nümayəndəsi Tamerlan Tağıyevin təbriklərini çatdırıb. Sonda Sahibkarlar Günü münasibətilə təbriklərini çatdıran A.İsmayılov Azərbaycanın, o cümlədən muxtar respublikamızın inkişafında göstərdiyi xidmətlərə görə bütün sahibkarlara təşəkkür edib, fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Naxçıvan Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov çıxış edərək muxtar respublikada sahibkarlığın inkişafı ilə bağlı görülən işlərdən danışıb.

Tədbirdə “Ləzzət Qida Sənaye” ММC-nin direktoru Teymur Rzayev dövlətin sahibkarlığın inkişafına göstərdiyi qayğını yüksək qiymətləndirib”.

Səmərəli fəaliyyətlərinə görə fərqlənən sahibkarlar “Rəşadətli əməyə görə” nişanı təqdim edilib
Səmərəli fəaliyyətlərinə görə fərqlənən sahibkarlar “Rəşadətli əməyə görə” nişanı təqdim edilib

Məlumata görə, çıxışlardan sonra Sahibkarlar gününə həsr olunmuş film nümayiş olunub, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 26 aprel 2024-cü il tarixli Sərəncamı ilə sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə fərqlənən sahibkarlar “Rəşadətli əməyə görə” nişanı təqdim edilib: “Tədbirdə sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb, problemləri qeydə alınıb. Sonda Türkiyə tərəfindən tətbiq olunan sərhədyanı ticarət rejimi, Türkiyə tərəfindən muxtar respublikaya tətbiq olunan güzəştli ticarət rejimi, muxtar respublikada istehsal olunan məhsulların ixrac prosedurları və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yeni istifadəyə verilən saytının təqdimatları olub”.

Mission News Theme by Compete Themes.