Press "Enter" to skip to content

Ermənistan-Azərbaycan tənzimləməsində 5 prinsip

Xarici İşlər Nazirliyi

BAYRAQDAR MEDİA – Artıq Azərbaycan ilə Ermənistan arasında sülh imkanları daha da möhkəmlənir. Ermənistan Azərbaycanın problemin kökündən həllinə yönəlik təkliflərini qəbul etməyə yaxındır. Hətta bu yöndə əməli addımlar da atılır. Düzdür, Ermənistan ictimai rəyində hakim olan bəzi dağıdıcı qüvvələr prosesə əngəl olmağa çalışır. Amma proses ölü nöqtədən tərpənib, hətta uzun illər Ermənistanın işğalı altında olan Azərbaycanın 4 kəndi artıq əsl sahibinə təhvil verilib. Yerdə qalan daha 4 kəndlə bağlı da müzakirələr gedir.

Belə bir şəraitdə yenə də Azərbaycanın hələ iki il öncə münasibətlərin normallaşdırılması üçün təklif etdiyi 5 prinsip xatırladılır. Bəs o 5 prinsip nədən ibarətdir? BAYRAQDAR MEDİA 2022-ci ilin martında Azərbaycan Xarici İşlər Nazirliyinin açıqladığı həmin prinsipləri xatırlatma olaraq təqdim edir:

1.Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

2.Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

3.Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

4.Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

5.Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.

Göründüyü kimi, olduqca konstruktiv təkliflərdir və Ermənistan tərəfi bunları nə qədər tez qəbul edərsə, aradakı münasibətlər də bir o qədər tez düzələr. Bu isə Güney Qafqazda yeni dönəmin başlanğıcı olmaqla xalqlar arasında normal münasibətləri təmin edəcək.

Mission News Theme by Compete Themes.