Son yeniləmə: 29 Aprel 2024 12:31
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlərdən biri də şərqşünas, filologiya elmləri doktoru Nəsib Göyüşovun “Füzuli: düşüncə və ruhun poetikası” kitabıdır.
Nəşr AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 6 saylı 24 iyun 2011-ci il tarixli qərarı ilə nəşr olunub.
Kitabda Füzulinin poetik dühası Orta əsrlərin düşüncə modeli və mənəvi dəyərləri işığında mükəmməl biçimə salınan estetik baxışlar müstəvisində araşdırılır, şairin düşüncə və ruhdan doğan poetik zövqünün cilalanmasında irfan və təsəvvüfün yeri açıqlanır, ilkin qaynaqlar, yeni elmi-metodoloji yanaşma və tipoloji təhlil əsasında aparılan tədqiqat işində şairin poetik təxəyyülünün zənginlik və incəlikləri ümumiləşdirilir.
“Orta çağların düşüncə modeli və sənət”, “Eşq divan ədəbiyyatında estetik qaynaq kimi”, “İrfan dəyərlərinin poetikası”, “Füzulinin söz sənətində təxəyyül düzəni” fəsillərindən ibarət olan kitabın elmi məsləhətçisi akademik Vasim Məmmədəliyev, elmi redaktoru filologiya elmləri doktoru Mahirə Quliyeva, nəşriyyat redaktoru Könül Mirzəyevadır.