Press "Enter" to skip to content

Batının və FETÖ-nün növbəti hədəfi “Cumhur İttifakı”dır

Recep Tayyip Erdoğan və Devlet Bahçeli

Son yeniləmə: 29 Aprel 2024 11:25

Yaxud Türkiyənin düşmənləri indi də Recep Tayyip Erdoğanla Devlet Bahçeli arasında gərginlik yaratmağa çalışırlar

BAYRAQDAR MEDİA – Martın 31-də qardaş Türkiyədə keçirilən yerli seçkilər bir qədər gözlənilən və bir qədər də gözlənilməz nəticələrlə tamamlandı. Bu nəticələrlə bağlı hazırda üzərində işlədiyimiz, daha ətraflı olsun deyə əlavə müşahidə və araşdırmalara ehtiyac duyduğumuz köşə yazımızda qeyd edəcəyik.

Sadəcə onu qeyd edək ki, bu nəticələr bir tərəfdən Türkiyədə demokratiyanın təntənəsi kimi qəbul edilsə də digər tərəfdən həmin nəticələrdə AK Parti daxilindəki bəzi güclərin xəyanətinin izləri də var. Hər halda Recep Tayyip Erdoğanın seçkilərdən sonrakı çıxışlarının birində “xəyanət” məsələsinin üzərində xüsusi dayanması da təsadüfi deyildi.

Əslində martın 31-nə qədər AK Partidən olan bəzi namizədlərin seçicini qazanmağa yox, itirməyə, dolayısı yolla da AK Partini və “Cumhur İttifakı”nı məğlub duruma soxmağa hesablanmış davranışları, həmçinin seçki başa çatandan dərhal sonra bu partiyaya yaxın bəzi ekspertlərin durar-durmaz MHP-ni hədəfə alması proseslərin arxasından bir FETÖ kölgəsinin boylandığı qənaətini yaradırdı.

Türkiyənin dəyərli köşə yazarlarından olan, BAYRAQDAR MEDİA-nın da dostu Hasan Öztürkün bir neçə gün öncə haber7.com saytındakı “Yaltaklanmadığı için “nefret edilen” Erdoğan’ı yalnızlaştırmanın yolu Cumhur İttifakı’nı yıkmak olabilir mi” başlıqlı köşəsində də bir növ bu məqama toxunulub.

Biz isə sadəcə həmin köşədən bir hissəni təqdim etməklə məsələnin ciddiliyinə diqqəti yönəltmək istəyirik: “Hər iki lider (R.T.Erdoğan və D.Bahçeli) Cumhur İttifakının davam etməsi üçün çalışır… Ancaq AK Parti daxilində Cumhur İttifakına son qoymağa çalışan qanadın hücuma keçdiyini də görürük. Yazını bir xatırlatma və sualla bitirək. ABŞ-nin keçmiş səfiri Ceyms Cefri 2016-cı ilin avqustunda “Hürriyet” qəzetindən Cansu Çamlıbellə söhbətində “Biz Erdoğana niyə nifrət edirik? Çünki o, bizə yaltaqlanmır” demişdi. Erdoğan gücünü son 2023-cü ildə keçirilən seçkilərdə aldığı yüzdə 52 faiz səs və Cumhur İttifakının 323 millət vəkili ilə parlamentdə çoxluq əldə etməsindən alır. Cumhur İttifakının dağılması Erdoğanın tək qalması və arxasındakı çoxluğu itirməsi deməkdir. Beləliklə, sual belədir: Amerikanın və Batının onlara yaltaqlanmadığı üçün “nifrət etdiyi” Erdoğanı təcrid etməyin ən praktik yolu AK Parti daxilindəki qanad vasitəsilə Cumhur İttifakını dağıtmaqdırmı?”

Yəqin ki, hər yazımızdan sonra bizi öz aləmlərində qınağa çəkən, “bu, Türkiyənin daxili işidir, sənə nə” deyən qardaş ölkədəki bəzi dostlar yenə də eyni mövqeni sargiləyəcəklər. Onlara cavabı elə bu yazının son cümlələri kimi bəri başdan yazırıq.

Bəli, bütün bunlar Türkiyənin daxili işidir. Bəli, biz Türkiyə seçicisinin, türk xalqının seçiminə hörmətlə yanaşırıq. Demokratik şəraitdə keçən və həqiqətən də saf bir mübarizənin nəticəsi olan seçkiləri də alqışlayırıq. Amma bu seçkilər zamanı oynanılan oyunlardan da, proseslərin arxasından boylanan FETÖ kölgəsindən də narahatlığımızı ifadə edirik. Çünki qardaş Türkiyənin yenidən bu terror təşkilatının nəzarətinə keçməsi bütövlükdə türk dünyası üçün fəlakətlə nəticələnə bilər. Oyunlara gəlincə, qısa bir misal çəkək. Türkiyənin ucqar əyalətlərinin birində bələdiyyə sədrliyinə namizəd AK Parti təmsilçisinin seçicilərlə görüşə az qala zirehli döyüş maşınına bənzər bir avtomobil üzərində getməsi, özünü xalqdan bacardıqca uzaq tutmağa çalışmasına dair videogörüntünü təəssüf hissi ilə izləmiş və hələ o zaman demişdik ki, bu addımlar qələbəyə yox, məğlubiyyətə xidmət edir.

Beləliklə, bu yazı ilə demək istədiyimiz odur ki Batının və FETÖ-nün növbəti hədəfi “Cumhur İttifakı”dır. Yəni Türkiyənin düşmənləri indi də Recep Tayyip Erdoğanla Devlet Bahçeli arasında gərginlik yaratmağa çalışırlar

Mission News Theme by Compete Themes.