BAYRAQDAR MEDİA – Aprelin 28-də ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Xəbəri Prezidentin mətbuat xidməti yayıb.
Bildirilir ki, Entoni Blinken Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası sahəsində əldə olunmuş razılaşma ilə bağlı təbriklərini çatdırıb. O, bunun ABŞ tərəfindən təqdir edildiyini vurğulayıb. E.Blinken ölkəsinin Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh gündəliyinin irəli aparılması üçün bundan sonra da dəstək verməyə hazır olduğunu bildirib.
İlham Əliyev də öz növbəsində “iki ölkənin delimitasiya komissiyası tərəfindən əldə olunmuş razılaşmanın ikitərəfli əsasda aparılmış dialoq və qarşılıqlı anlaşma şəraitində keçirilmiş müzakirələrin nəticəsi olduğunu qeyd edib”.
Prezident prosesin ardınca iki ölkənin sərhədində artıq demarkasiya işlərinin başlanmasının da müsbət bir addım olduğunu vurğulayıb. O, sülh müqaviləsi üzrə danışıqların davam etdirilməsi üçün Qazaxıstan tərəfinin təklifinə uyğun olaraq tezliklə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıda görüşəcəklərini bildirib.
“Sülh müqaviləsinin və onun əsasını təşkil edən 5 prinsipin təşəbbüskarının Azərbaycan Respublikası olduğunu xatırladan Prezident İlham Əliyev ölkəmizin sülh gündəliyinin bundan sonra da davam etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb və Azərbaycanın bu xüsusda qəti siyasi iradəyə malik olduğunu qeyd edib. Dövlətimizin başçısı bildirib ki, Azərbaycan regionda hər hansı ayırıcı xətlər olmadan inteqrasiya olunmuş Cənubi Qafqaz regional əməkdaşlıq modelinin qurulmasını dəstəkləyir”, – deyə xəbərdə bildirilir.
Entoni Blinken “ABŞ ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin gücləndirilməsi üçün ölkəsinin niyyətini ifadə edərək enerji, iqlim, nəqliyyat, COP29 sahələrində əməkdaşlıq məsələlərini qeyd edib. Dövlətimizin başçısı da öz növbəsində Azərbaycanın ABŞ ilə ikitərəfli əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb”.
O da bildirilir ki, tərəflər COP29 çərçivəsində Azərbaycan və ABŞ nümayəndə heyətləri arasında əməkdaşlıqdan məmnunluq ifadə edib.
Entoni Blinken son zamanlarda Azərbaycanda insan haqları ilə bağlı atılmış addımları müsbət qiymətləndirib, bunun davamlı olması ilə əlaqədar arzusunu ifadə edib.
Prezident İlham Əliyev də öz növbəsində Azərbaycanın insan hüquqları sahəsində öhdəliklərinə sadiq olduğunu və ölkədə demokratik islahatların davam etdirildiyini diqqətə çatdırıb.