Press "Enter" to skip to content

Həmin “sirr” Musiqili Teatrda açılacaq

Hazırlıq zamanı

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, SSRİ Xalq artisti Rauf Hacıyevin musiqisi və yazıçı-folklorşünas Məmmədhüseyn Təhmasibin “Çiçəkli dağ” pyesinin motivləri əsasında rejissor Elməddin Dadaşovun səhnələşdirdiyi “Bir qalanın sirri” tamaşası hazırlanır.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “uzun hazırlıq prosesindən sonra əsərin kino variantının səhnəyə köçürülməsi işini quruluşçu rejissor, böyük bəstəkarın ecazkar musiqisinin Musiqili Teatrın simfonik orkestrinə uyğunlaşdırması işini isə Əməkdar incəsənət xadimi, bəstəkar Ceyhun Allahverdiyev yerinə yetirib. Hər kəsin illərdir sevə-sevə baxdığı tarixi filmin səhnə variantının bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevdir”.

Filmin səhnə versiyasının ərsəyə gətirilməsinin böyük məsuliyyət olduğunu qeyd edən E.Dadaşov bu barədə daha ətraflı məlumat verib: “Yazıçı M.Təhmasibin qələmə aldığı “Çiçəkli dağ” pyesi 1935-ci ildə yazılıb. Əsasını xalq nağılları təşkil edən əsər ilk dəfə 1958-ci ildə kinorejissor Əlisəttar Atakişiyev tərəfindən ekranlaşdırılıb. Tamaşa xalq zəkasını, el gücünün sarsılmazlığını, xalq qəhrəmanlarımızın rəşadətini nümayiş etdirən bir sənət əsəridir. Uşaqlar üçün yazılsa da böyüklərin də maraq dairəsində olan bu əsərdə nağıllarımızın xüsusiyyətlərindən ustalıqla istifadə edilib. Biz artıq 8 aydır ki, Musiqili Teatrda bu əsərin hazırlıq işlərinə və məşqlərinə başlamışıq. Bu müddət ərzində görkəmli bəstəkar Rauf Hacıyevin ecazkar musiqiləri orkestr üçün yenidən işlənilib və müəyyən nömrələri də bərpa etmişik. Tamaşanın musiqi redaktoru bəstəkar, C.Allahverdiyev filimdən fərqli olaraq, tamaşada dahi bəstəkarın heç bir yerdə, hətta film üçün nəzərdə tutulsa da, filmdə belə səsləndirilməyən musiqi nümunələrinə də yeni həyat verib. Uğurlu yaradıcılıq laboratoriyasına tanınmış rejissor və böyük teatr təşkilatçısı Ə.Lalayevin rəhbərlik etməsi məsuliyyətimizi daha da artırır”.

Qeyd edək ki, tamaşanın quruluşçu dirijoru Səməd Süleymanlı, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Əməkdar artist Vaqif Məstanov, rejissoru Zaur Əliyev, rəqslərin quruluşçusu Əməkdar artist Nigar Şahmuradova, geyim üzrə rəssamı Nübar Hüseynova, rejissor assistenti Tamilla Aslanovadır.

Tamaşada döyüş səhnələri Xalq artisti Pərviz Məmmədrzayevə həvalə olunub. Səhnə əsərində Əməkdar artistlər Ələkbər Əliyev, Nadir Xasiyev, İqrar Salamov, Prezident mükafatçıları Səməd Xasiyev, Hüseyn Əlili, Əmrah Dadaşov, Mehriban Zaliyeva, aktyorlar Şaban Cəfərov, Elxan İsmayılov, Əliməmməd Novruzov, Ruslan Mürsəlov, Türkel Tariqpeyma, Elçin İmanov, Nicat Həbibov, Sübhan Rüstəmov, Cəbrayıl Cəbrayılov, Fərid Rzayev, Murad Əliyev, Əli Kərimov rol alıblar. Kütləvi səhnələrdə teatrın xor və balet artistlərinin çıxışları da nəzərdə tutulur.

Mission News Theme by Compete Themes.