CASCFEN rəhbəri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın qəbulunda olub
BAYRAQDAR MEDİA – “Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2024-cü il üzrə kiçik qrant müsabiqəsinin qaliblərindən biri də “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyidir (CASCFEN). Bizim təqdim etdiyimiz layihə bu il imzalanmasının 15-ci ildönümü olan və müasir türk birliyinin əsasının qoyulmasına təkan verən Naxçıvan sazişi, həmçinin türk dünyasının inteqrasiyası istiqamətində görülən işlərin təbliğinə həsr olunub”.
BAYRAQDAR MEDİA xəbər verir ki, bunu CASCFEN sədri, Azərbaycan Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri deyib.
O, qeyd edib ki, hazırda layihənin son variantı üzərində işlər gedir və inşallah Agentliklə müqavilədən sonra layihənin icrasına başlanılacaq: “Heç şübhəsiz, bundan öncə reallaşdırdığımız layihələr kimi bu layihəni də uğurla həyata keçirəcək və yadda qalan bir layihə olması üçün əlimizdən gələni edəcəyik. Onu da qeyd edim ki, layihə çərçivəsində reallaşdıracağımız işlərlə bağlı, həmçinin Eskişehirdə və Naxçıvanda keçirəcəymiz konfranslarda türk dünyasından, o cümlədən Azərbaycandan tanınmış şəxslərin, ictimai-siyasi xadimlərin iştirakı üçün silsilə görüşlərə başlamışıq”.
N.Azəri bildirib ki, məhz bu kontekstdə bu günlərdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın qəbulunda olub: “Öncəliklə mən dəyərli Fazil Mustafaya bizə göstərdiyi xüsusi diqqət və zaman ayırmasına görə minnətdarlıq edirəm. Eyni zamanda deyim ki, bu qəbulda söhbətimiz çox məhsuldar alındı. Fazil Mustafa həm ümumilikdə layihə, həm də Naxçıvan konfransı barədə dəyərli təkliflərini verdi. Komitə sədri, həmçinin konfransa dəvət təkilfimizi də məmnuniyyətlə qarşıladı və zaman, o cümlədən iş qrafiki imkan verərsə mütləq tədbirdə iştirak edəcəyini dedi”.
N.Azəri onu da deyib ki bu silsilədən görüşlər davamlı olacaq: “Yaxın günlərdə CASCFEN sədri yanında Məşvərət Şurasının üzvləri olan, türk dünyasının və Azərbaycanın ictimai-siyasi xadimləri ilə də görüşlər keçirib, müzakirələr aparacayıq”.