Son yeniləmə: 26 Aprel 2024 12:13
Konfranda Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasının üzvlüyünə qəbul edilib
BAYRAQDAR MEDİA – Dövlət Turizm Agentliyi Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib.
Bu haqda qərar İsveç Krallığının Stokholm şəhərində keçirilən “Dayanıqlı Turizm” konfransında qəbul edilib. Həmçinin konfrans çərçivəsində, həmçinin Azərbaycan Turizm Bürosu və Qlobal Dayanıqlılıq Turizm Şurası arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
Bildirilib ki, Anlaşma Memorandumuna əsasən, dayanıqlı turizmin inkişafına dəstək göstərilməsi, qlobal dayanıqlı turizm standartlarının milli səviyyəyə uyğunlaşdırılması, eləcə də ölkəmizdə Şuranın meyarlarının tətbiqi nəzərdə tutulur: “Tədbirdə çıxış edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid Şuraya üzvlüyün turizm sənayesindəki yerli tərəfdaşlarla birgə fəaliyyətin həvəsləndirilməsinə, qlobal turizm sənayesində dayanıqlı və əsaslı dəyişikliklərin edilməsində Azərbaycanın rolunun artırılmasına, eləcə də marketinq kampaniyaları vasitəsilə yerli turizm sənayesinin dayanıqlı inkişafına töhfə verəcəyini bildirib”.
Məlumata əsasən, Qlobal Dayanıqlılıq Turizm Şurası 2007-ci ildə “Rainforest Alliance” təşkilatı, BMT-nin Ətraf Mühit Proqramı, Əhali Fondu və BMT Turizm təşkilatı ilə birgə təşəbbüsü olan “Qlobal Dayanıqlı Turizm Kriteriyaları”nın formalaşdırılması məqsədilə yaradılıb: “Şura qlobal turizm biznesləri, dövlət orqanları, destinasiya menecmenti təşkilatları üçün dayanıqlı turizm prinsiplərinin tətbiq edilməsi təcrübələrinin bölüşdürülməsi üzrə platforma rolunu oynayır. Şuranın fəaliyyətinin əsas məqsədi dayanıqlı turizm təcrübələrini tətbiq edən biznes və destinasiyaların sertifikatlaşdırılması yolu ilə dəstəklənməsi, həmçinin destinasiyaların dayanıqlılığının təmin edilməsinə dəstək olmaqdır”.