Son yeniləmə: 26 Aprel 2024 08:47
BAYRAQDAR MEDİA – Aprelin 26-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycan Naşirlərinin I Forumu keçiriləcək.
Bu barədə BAYRAQDAR MEDİA-ya tədbirin təşkilatçıarından olan Azərbaycan Nəşriyyatları Assosiasiyasından (ANAİB) məlumat verilib.
Məlumatda deyilir ki, forum ANAİB, AMEA-nın, Mədəniyyət Nazirliyi və Təhsilin İnkişafı Fondunun təşkilatçılığı ilə keçiriləcək: “Forumun keçirilməsində məqsədi yerli nəşriyyat sektorunun real problemlərinə işıq tutmaq, eləcə də beynəlxalq təcrübədən yararlanmaqdır. Tədbirdə 5 paneldə ölkəmizdən və xaricdən ümumilikdə 15 spikerin çıxışı nəzərdə tutulur”.
Qeyd edilib ki, Forum çərçivəsində 27-28 aprel tarixlərində AMEA-nın həyətində “Oxu günü – 10” sərgi-yarmarkası təşkil olunacaq: “Ölkənin 40-dan çox aparıcı nəşriyyatı və kitab evinin, eləcə də 70-ə yaxın yazıçı və ziyalının iştirak edəcəyi sərgidə kitabların endirimli satışı, həmçinin tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün “nağıl saatları” və ustad dərsləri təşkil ediləcək”.