Press "Enter" to skip to content

Daha bir komitənin iclasında hökumətin hesabatı müzakirə olunub

İclas zamanı

Son yeniləmə: 25 Aprel 2024 12:39

BAYRAQDAR MEDİA – Aprelin 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Humanitar siyasət komitəsinin iclası keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Ali Məclisin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, “iclası açan Ali Məclisin Humanitar siyasət komitəsinin sədri Elman Cəfərli müzakirəyə bir məsələnin – Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatının təqdim edildiyini bildirib. Gündəlik təsdiq olunduqdan sonra komitə sədri Naxçıvan Muxtar Respublikası Konstitusiyasına və Ali Məclisin Daxili Nizamnaməsinə əsasən Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin hər il Ali Məclisin yaz sessiyasında əvvəlki il üzrə fəaliyyəti haqqında hesabat verdiyini qeyd edib. Daxili Nizamnaməyə uyğun olaraq Nazirlər Kabinetinin hesabatı Ali Məclisin iclasında baxılmamışdan əvvəl Ali Məclisin Humanitar siyasət komitəsinə rəy verilməsi üçün təqdim olunub”.

Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov və Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova layihə barədə məlumat veriblər: “Məsələ ətrafında aparılan müzakirələrdə komitənin sədri Elman Cəfərli, sədr müavini Hüseyn Niftəliyev, üzvləri Ehtimad Məmmədov, Əmir Babayev, Asim Əliyev, Vüsalə Əliyeva, Həbibə Allahverdiyeva, Turan Həsənova və Ali Məclis Aparatının İqtisadi məsələlər şöbəsinin müdiri Nihad Möhbalıyev ilk dəfə olaraq Nazirlər Kabinetinin hesabatının Ali Məclisin komitələrində müzakirəsini yüksək qiymətləndirib, bunu muxtar respublikada aparılan uğurlu sosial-iqtisadi islahatların, eyni zamanda qurumlar arasında idarəetmənin təkmilləşdirilməsinin nəticəsi kimi dəyərləndiriblər. Həmçinin təhsil, səhiyyə və digər sahələr üzrə həyata keçirilən tədbirlərə ayrılan vəsaitlərin, statistik göstəricilərin müqayisəli şəkildə hesabatda öz əksini tapmaması, müvafiq qurumların fəaliyyəti ilə əlaqədar hesabatda qeyd olunan məlumatlarda təhlil və ümumiləşdirmələrin aparılmaması, QİÇS-lə mübarizə ilə bağlı maarifləndirmə tədbirlərinin gücləndirilməsi, Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş qəhrəmanlarımızın adlarının əbədiləşdirilməsi məqsədilə sinif otaqlarına adlarının verilməsi ilə bağlı vahid qaydanın olub-olmaması, şəkərli diabet xəstələrinin dərman preparatları ilə təminatı və digər mövzularda öz fikirlərini, irad, qeyd, təklif və suallarını səsləndiriblər”. Məlumata əsasən, Nazirlər Kabinetinin Aparat rəhbəri Aləm Bağırov, Humanitar və sosial məsələlər şöbəsinin müdiri Sevinc Cabbarova, Təhsil, Səhiyyə və Mədəniyyət nazirliklərinin nümayəndələri səsləndirilən fikirlərə münasibət bildirib, suallara aydınlıq gətirib, təkliflərin nəzərə alınması üçün qeydiyyatı aparılıb: “Müzakirələrin sonunda gündəlikdə duran məsələ ilə əlaqədar Humanitar siyasət komitəsinin rəyi oxunduqdan sonra Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatı irad və təkliflər nəzərə alınmaqla Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müzakirəsinə tövsiyə olunub”.

Mission News Theme by Compete Themes.