Son yeniləmə: 25 Aprel 2024 15:10
Fikrət Əliyev: Sadır Caparovun səfəri türk dünyasının daha da sıx inteqrasiyası üçün atılan addımlardan biri kimi tarixə düşdü
BAYRAQDAR MEDİA – “Əvvəllər də qeyd etdiyimiz kimi türk dünyası özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Mən deyərdim ki, türk dünyası hətta müasir zaman kəsimində şahlanış dövrünü yaşayır və yenə də xüsusi olaraq vurğulamaq istəyirəm ki, bu prosesdə Azərbaycanın liderlik etməsi bizi ikiqat sevindirir”.
Bunu Qırğızıstan Prezidenti Sadır Caparovun Azərbaycana səfərini BAYRAQDAR MEDİA üçün şərh edən politoloq Fikrət Əliyev deyib.
Onun sözlərinə görə, Sadır Caparovun Azərbaycana ikigünlük səfəri də məhz bu kontekstdən qiymətləndirilə bilər: “Mən səfər zamanı keçirilən görüşlər, imzalanan sənədlər, həmçinin digər bu kimi addımlarla bağlı ayrı-ayrılıqda danışmaq istəmirəm. Sadəcə onu qeyd etmək istəyirəm ki, bundan öncə Orta Asiyadakı digər qardaş ölkələrin rəhbərlərinin Azərbaycana səfəri kimi Qırğızıstanın dövlət başçısının səfəri də bir çox aspektdən yaddaqalan və məhsuldar oldu. Ən əsası isə Sadır Caparovun səfəri türk dünyasının daha da sıx inteqrasiyası üçün atılan addımlardan biri kimi tarixə düşdü. Elə aprelin 24-də dövlət başçılarının mətbuata bəyanatlarla çıxışı zamanı cənab İlham Əliyevin bəyan etdiyi “Bu il Azərbaycanda və Qırğızıstanda Türk Dövlətləri Təşkilatı çərçivəsində yüksək səviyyədə keçiriləcək qarşıdakı tədbirləri müzakirə etdik” fikri də deyilənləri bir daha təsdiq edir”.
F.Əliyev deyib ki, səfəri yaddaqalan edən digər məqam isə Ağdam rayonunun Xıdırlı kəndində təməli qoyulan məktəblə bağlıdır: “Məlum olduğu kimi, aprelin 25-də iki dövlət başçısı Füzuli və Ağdam rayonlarında olub, Ağdam rayonunun Xıdırlı kəndində orta məktəbin təməlinin qoyulmasında iştirak ediblər. Qırğızıstan Prezidentinin təşəbbüsü ilə Qırğızıstan bu orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu da xoş bir ənənənin davamı kimi qiymətləndirilə bilər. Məlum olduğu kimi qardaş Özbəkistan tərəfindən Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəb, qardaş Qazaxıstan tərəfindən isə yenə də Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi tikilərək Azərbaycana hədiyyə edilib. İndi isə Qırğızıstan Ağdam rayonunun Xıdırlı kəndində orta məktəbin tikintisini öz vəsaiti hesabına həyata keçirəcək. Bu, qardaşlığımızın sarsılmaz olduğunu göstərməklə yanaşı, həm də türk dünyasının ulu Dədə Qorquddan gələn “dar gündə də, xoş gündə də birlikdə olmaq” ənənəsinin bu dəfə də işğaldan azad edilən Azərbaycan torpaqlarında davam etməsi deməkdir. Bu, həmçinin Qarabağın bütün türk dünyası üçün önəmini bir daha təsdiq edir. Yəni necə ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsi ümumilkdə türk dünyasının qələbəsi kimi qəbul edildi, eləcə də indi Qarabağın dirçəldilməsində bütün türk dünyası yaxından iştirak edir. Hesab edirəm ki, bu kimi addımlar türk birliyinin daha da güclənməsinə təkan verir”.