Son yeniləmə: 25 Aprel 2024 11:15
“Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda erməni yalanları ifşa edildi
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi aprelin 24-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) və Hacettepe Universitetinin birgə təşkilatçılığı ilə “Qondarma erməni soyqırımı: iddialar və faktlar” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb.
BAYRAQDAR MEDİA-nn məlumatına görə, konfrans sayğı duruşu və iki qardaş ölkənin dövlət himnlərinin oxunması ilə başladı.
Sonra çıxış edən UNEC-in rektoru professor Ədalət Muradov bu cür mühüm tədbirin universitetdə keçirilməsinin təsadüfi olmadığını dedi.
Rektor qeyd etdi ki, qondarma “erməni soyqırımı” ilə bağlı həqiqətlərin dünyaya, beynəlxalq aləmə çatdırılmasında məhz elm adamları ən güclü təbəqədir: “Hər hansı soyqırımının təsdiq edilməsi mütləq şəkildə faktlar tələb edir”.
Bu baxımdan ermənilərin soyqırım yalanlarının heç bir fakta söykənmədiyi vurğulandı. 1915-ci il hadisələri barədə çıxışını davam edən rektor dünyanın tanınmış siyasətçilərinin və ictimai xadimlərinin qondarma soyqırımı barədə söylədikləri tarixi həqiqətləri iştirakçıların diqqətinə çatdırdı.
Konfransda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Dos. Dr. Cahit Bağçı 1915-ci ildəki hadisələri “soyqırımı” adlandırmağın heç bir məntiqə sığmadığını bəyan etdi. Diplomat bildirdi ki, Türkiyən həmin hadisələrin araşdırılması üçün ortaq komissiyanın yaradılmasını təklif etsə də, Ermənistan hələ də bu təklifə cavab verməyib: “Ermənilərin Osmanlı imperiyasının son dövrlərində baş verən hadisələri soyqırımı kimi təqdim etməsi heç bir məntiqə sığmır. Həmin dövrdə dağılmaqda olan imperiyanın bir çox xalqları gerçək soyqırımlarına məruz qalıb. O dövrdə 500 min nəfərdən çox müsəlman qətlə yetirilib. Soyqırımı hüquqi bir anlayışdır. Bu səbəbdən də 1915-ci ildəki hadisələri “soyqırımı” adlandırmaq heç bir məntiqə sığmır. Avropa İnsan Haqları Məhkəməsi 2015-ci il tarixli qərarı ilə “soyqırımı” iddialarına tutarlı cavab verib. 2005-ci ildə Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq komissiya yaradılmasını təklif etsə də, Ermənistan tərəfi hələ də bu təklifə cavab verməyib”.
Beynəlxalq konfransda, həmçinin Milli Məclisin deputatları Naqif Həmzəyev, Anar İsgəndərov çıxış etdilər.
Çıxışlardan sonra konfrans işini panel iclasları ilə davam etdirdi: “Moderatorluğu Azərbaycan Dövlət İqtisad Universitetinin “Türk Dünyası” fakültəsinin dekanı Prof.Dr. Mehmet Yüce tərəfindən həyata keçirilən “Tarixi baxımdan Türkiyə və Azərbaycanda Ermənilər” adlı ilk paneldə millət vəkili Musa Qasımlı, TOBB İqtisadiyyat və Texnologiya Universitetinin rektoru professor Yusuf Sarınay, Türk Dünyası İqtisad fakültəsinin dekanı professor Mehmet Yüce, professor Solmaz Rüstəmova-Tohidi çıxış etdilər.
Moderatorluğu Azərbaycan Dövlət İqtisad Universitetinin “İctimai idarəetmə və sosial innivasiyalar” kafedrasının baş müəllimi, c.ü.f.d Firuzə Cəfərovanın həyata keçirdiyi “Siyasi-hüquqi aspektdən Türkiyə və Azərbaycanda ermənilər” başlıqlı ikinci paneldə isə Hacettepe Universitetinin əməkdaşları Prof.Dr. Yonca İldeş, Dr. Özlem Pınar Oran, BDU-nun əməkdaşı Prof.Dr. Qabil Əliyev və UNEC Rus Məktəbinin əməkdaşı Dr.Anar Eyyubov çıxış etdilər. Çıxışlarda qondarma “erməni soyqırımı”, eləcə də ermənilərin Azərbaycanda həyata keçirdikləri soyqırımı və kütləvi qırğınlar barədə tarixi faktlar dilə gətirildi.
Beynəlxalq konfrans aprelin 25-də keçirilən iki panellə işini yekunlaşdıracaq.