Son yeniləmə: 24 Aprel 2024 11:49
DİN yanında İctimai Şuranın keçirdiyi tədbirdə QHT-lər təkliflərini dövlət qurumlarına təqdim ediblər
BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyi yanında İctimai Şura və “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin birgə təşəbbüsü ilə aprelin 19-da “Kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda İctimai dinləmə keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya İctimai Birlikdən məlumat verilib.
Bildirilib ki, “ictimai dinləmənin keçirilməsində məqsəd kibercinayətkarlıq hallarına qarşı mübarizədə ictimai maarifləndimə sahəsində görülən işlərin dəyərləndirilməsi və bu istiqamətdə fəaliyyətinin mövcud ehtiyaclar və yeni çağırışlara uyğun qurulması üçün fikir mübadiləsinin aparılması, ictimaiyyətin rolunun gücləndirilməsidir. Tədbirdə Daxili İşlər Nazirliyinin, Baş Prokurorluğun, Ombudsman Aparatının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri, DİN yanında İctimai Şura üzvləri və QHT təmsilçiləri iştirak ediblər. Ümumlikdə, tədbirə 50 nəfər iştirakçı qatılıb”.
Məlumata əsasən, DİN yanında İŞ sədri Əliməmməd Nuriyev “Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə və məlumatlandırma: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda təqdimatla çıxış edib: “Ə,Nuriyev kibercinayətkarlıq hallarına qarşı mübarizədə tərəfdaşlıq və əməkdaşlıq modelləri, İctimai Şura və QHT-lərin əhalinin maarifləndirilməsində rolu, eyni zamanda dövlət qurumlarından bu sahədə gözləntilərlə bağlı fikirlərini səsləndirib və təkliflər irəli sürüb. Sonra DİN nümayəndəsi, polis mayoru Abbas Rüstəmzadə Nazirlik tərəfindən kibercinayətkarlıq hallarına qarşı mübarizə sahəsində görülən işlər haqqında ətraflı məruzə ilə çıxış edib. DİN nümayəndəsi QHT-lərdən gözləntilər və birgə əməkdaşlıq imkanları haqqında öz fikiləri ilə bölüşüb və sualları cavablandırıb”.
Məlumatda deyilir ki, tədbirdə Baş Prokurorluğun, Ombudsman Aparatının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri qanunvericliyin təkmilləşdirilməsi, əhalinin məlumatlandırılması, qabaqcıl təcrübənin tətbiqi ilə bağlı təkliflər irəli sürüblər: “QHT nümayəndələrindən Mehriban Zeynalova, Osman Gündüz, Samir Həsənov, Hafiz Həsənov, Eynulla Xeyrullayev, Məshəti Hüseynova, Büllur Məmmədova və digərləri rəy və təklifləri ilə bölüşüblər”.
Çıxış edən “Prioritet” Sosial İqtisadi Araşdırmalar Mərkəzi İctimai Birliyinin sədri Zaur İbrahimli “ictimai dinləmədə aparılan müzakirələr və sələnmiş təkliflər bir daha göstərib ki, əməkdaşlığın gücləndirilməsi üçün səylər artırılmalıdır” deyib.
Ə.Nuriyev isə təkliflərin sistemləşdiriləcəyini və İctimai Şura adından müvafiq dövlət orqanlarına təqdim ediləcəyini bildirib.