Son yeniləmə: 24 Aprel 2024 15:34
BAYRAQDAR MEDİA – Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə birinci sinfə elektron qeydiyyatla bağlı görüş keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 24-də BŞTİ-dən məlumat verilib.
Bildirilib ki, “görüşdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin məsləhətçisi Pərvin Quliyeva, BŞTİ-nin (BŞTİ) Təhsilalanlarla iş sektorunun müdiri Tural Mahmudov və I sinfə qəbul prosesində prioritet tətbiq ediləcək, o cümlədən Alternativ Qeydiyyat Mərkəzəri təşkil olunacaq məktəblərin direktorları iştirak ediblər. Görüşdə çıxış edənlər mayın 1-dən başlayacaq I sinfə elektron qeydiyyat prosesi ilə bağlı maarifləndirmə işlərinin səmərəli aparılmasının və vətəndaş məmnunluğunun təmin edilməsinin əsas vəzifə kimi qarşıya qoyulduğunu bildiriblər”.
Məlumata görə, çıxışlarda bu il ilk dəfə olaraq I sinfə elektron qeydiyyat prosesi ilə bağlı məktəblərin mikroərazi üzrə ünvanlarının (dislokasiya) ictimaiyyətə açıqlandığı deyilib: “2024-2025-ci tədris ili üçün uşaqların birinci sinfə elektron qeydiyyatı prosesində ərazi prinsipi tətbiq olunan ümumi təhsil müəssisələrinin əhatə dairəsinin genişləndirildiyini söyləyən çıxışçılar süni şagird sıxlığının qarşısını almaq üçün ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşların övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə biləcəklərini diqqətə çatdırıblar. Görüş zamanı məktəblərə şagird qəbulunun sərbəst formada və prioritetə (üstünlük hüququ) əsasən aparılacağı barədə məlumat verilib, həmçinin BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə I sinfə qəbul prosesində prioritet tətbiq olunacaq məktəblərin siyahısı və prioritetin (üstünlük hüququ) tətbiq müddətinə dair məlumatın ictimaiyyətə açıqlandığı nəzərə çatdırılıb”.
Məlumata əsasən, ümumi təhsil məktəbləri, lisey və gimnaziyalara I sinfə şagird qəbulu qaydaları geniş şəkildə izah edilib, valideynlərə kömək məqsədilə Alternativ Qeydiyyat Mərkəzlərinin fəaliyyət göstərəcəyi qeyd olunub: “Görüşün sonunda paytaxtda birinci sinfə elektron qeydiyyatın təfərrüatları ilə bağlı müzakirələr aparılıb, məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, qaldırılan məsələlərə aydınlıq gətirilib, müvafiq tövsiyələr verilib”.