BAYRAQDAR MEDİA – Prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda iştirak edib. O, buradakı geniş çıxışında bir sıra önəmli məsələlərə toxunub.
Bizim diqqətimizi çəkən belə məsələlərdən biri Ermənistanın Fransa, Hindistan və Yunanıstanla hərbi iş birliyinin vurğulanmasıdır.
Təsadüfdürmü? Yəni Prezident İlham Əliyev Fransa və Hindistanla yanaşı Yunanıstanı da niyə ayrıca vurğuladı?
Biz qəti əminik ki, bu, bir təsadüf deyil. Azərbaycan Prezidenti Yunanıstanın davranışlarının nəhayət ki, uyğun şəkildə qiymətləndirilməsinin vaxtının çatdığına işarə edir bununla.
Məsələ ondadır ki, Yunanıstan da Ermənistan kimi türk düşmənliyi siyasətinin önündə gedir. Bu iki dövlət uzun illərdir, istər qardaş Türkiyə, istərsə də dünyanın hər tərəfində antitürk hərəkatlarında birgə iştirak edir.
Amma məsələ bununla da bitmir.
Yunanıstan, Azərbaycan torpaqlarını on illər boyu işğal altında tutan Ermənistanla hərbi sahədə sıx əməkdaşlıq edib, edir. Yəni faktiki olaraq Hellen ölkəsi işğalçı Ermənistanın yanında olduğunu gizlətmir, ona qahmar çıxır.
Yunanıstan bu davranışını həm də bir sıra məsələlərdə Azərbaycandan asılı olduğu halda sərgiləyir. Sanki bizi heçə sayır, “ağa nəzərəm, belə gəzərəm” deyir…
Prezident İlham Əliyev də hər zamankı təmkini ilə gözləyib vaxtı çatanda bu məsələnin çözüləcəyinə işarət edib sözügedən çıxışıyla.
Həm də ona görə ki, Yunanıstanın Ermənistanla hərbi iş birliyi sadəcə ikitərəfli deyil, əlavə olaraq Kiprin rum kəsimini də ehtiva edir. Yəni Ermənistan – Yunanıstan – rum Kipri üçlüsü təbii, Azərbaycana qarşı hərbi birlik içindədir…
Belə olan halda Azərbaycan artıq səbrinin daşdığını, gərəkli addımları ata biləcəyini nümayiş etdirməli idi. Elə İlham Əliyevin Yunanıstanı da Ermənistana hərbi yardım edən ölkələr sırasında vurğulaması bundan qaynaqlanır.
Demək istədiyimiz odur ki, Azərbaycan Prezidenti Yunanıstana və eyni zamanda onun nəzarətində olan rum Kiprinə gərəkli münasibətlə bağlı gərəkli addımların atılacağının anonsunu vermişdir.
Elə isə nə gözləmək lazımdır? Qeyri-adi heç nə. Sadəcə yaxın vaxtlarda Yunanıstanın burnunu ovacaq bir addımın atılacağını proqnozlaşdıra bilərik. Ermənistanın yanında yer alıb qardaş Türkiyə və Azərbaycana diş qıcayan Yunanıstana və onun həndəvərindəki rum Kiprinə veriləcək cavab qardaş ölkə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin tanınması olacaq.
Bəli, Azərbaycan artıq bu yöndə inamla irəliləyir, İlham Əliyevin Ermənistana hərbi yardım edən ölkələr arasında Yunanıstanı ayrıca vurğulaması prosesin sürətləndiriləcəyindən xəbər verir.
Yəni biz belə düşünürük. Həm də sadəcə düşünmürük, bunun belə olmasını səbirsizliklə gözləyirik. Artıq Azərbaycanın KKTC-ni rəsmən tanımasının yolu tam açılmışdır.