Son yeniləmə: 23 Aprel 2024 12:30
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasındakı (MEK) nəşrlər sırasında filologiya üzrə fəlsəfə doktoru, Dos. Cəlal Allahverdiyevin “İrəvan ədəbi mühiti” kitabı da yer alır.
Kitab AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr edilib.
Nəşrdə İrəvanda 1920-1950-ci illər dövrünü əhatə edən Azərbaycan ədəbi mühitindən bəhs olunur.
Müəllif kitabda İrəvanda Azərbaycan ədəbi mühitinin formalaşmasında və inkişafında böyük rol oynamış, milli iradə nümayiş etdirmiş qeyrətli azərbaycanlı ziyalıların fəaliyyətindən, erməni şovinizmi əhatəsində Azərbaycan türklərinin üz-üzə gəldiyi problemlərdən, anadilli mətbuatın rolundan, maarif və təhsil məslələrindən, Azərbaycan ədəbiyyatı və teatrından geniş söhbət açır.
Kitabda “İrəvanda Azərbaycan türklərinin mənəvi-psixoloji durumu”, “İrəvanda milli maarifçilik və təhsil məsələləri”, “Azərbaycan mətbuatının inkişafı”, “İrəvanda Azərbaycan dilində bədii ədəbiyyat nəşri”, “Poeziyanın ideya-estetik meylləri”, “Teatr və dramaturgiya məsələləri”, “Ədəbi tənqid və ədəbiyyatşünaslığın nəzəri problemləri” və digər başlıqlarda yazılara yer verilib.
Qeyd edək ki, nəşrin elmi redaktorları filologiya elmləri doktoru, Prof. Qara Namazov, filologiya elmləri doktoru, Prof. Buludxan Xəlilov, rəyçiləri isə filologiya elmləri doktoru, Prof. Himalay Qasımov, filologiya elmləri doktoru, Prof. Alxan Bayramoğlu və filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərlidir.