Son yeniləmə: 23 Aprel 2024 10:07
BAYRAQDAR MEDİA – Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin, İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvü, BAYRAQDAR MEDİA-nın baş redaktoru, Əməkdar jurnalist Azər Həsrət nüfuzlu beynəlxalq jurnalist mükafatının təqdimatında iştirak edib.
İldə bir dəfə dünyanın hər tərəfindən yarışa qatılan jurnalistlər arasından ən yaxşılara verilən Fetisov Jurnalistika Mükafatlarının 5-ci təqdimatı aprelin 22-də qardaş Türkiyənin İstanbul şəhərində keçirilib.
Mükafatın təsisçisi, iş adamı, filantrop Gleb Fetisovun da qatıldığı təqdimat böyük coşğu ilə müşayiət edilib.
Ənənəvi olaraq bu dəfə də qaliblərə yüksək məbləğdə pul mükafatı verilib.
Qeyd edək ki, Fetisov Jurnalistika Mükafatları dörd istiqamət üzrə, ildə bir dəfə, ekspert seçimi ilə verilir. Bunlar “diqqətədəyər araşdırma jurnalistikası”, “sülhə diqqətədəyər töhfə”, “vətəndaş hüquqlarına töhfə” və “ərtaf mühit jurnalistikasında mükəmməllik” istiqamətləridir.
Daxil olan yazıları ilkin mərhələdə Ekspert Şurası dəyərləndirir, seçim edir. Bundan sonra Mükafatın Münsiflər Heyəti son qərarı verir.
Təqdimatı keçirilən 2023-cü il yarışına dünyanın 96 ölkəsindən 400-dək yazı daxil olub. O yazılardan 4-ü qeyd edilən istiqamətlər üzrə 1-ci, daha 4-ü 2-ci, əlavə 4-ü isə 3-cü yerə layiq görülməklə ümumilikdə 12 yazı qalib elan edilib.
Bu dəfə də qaliblərə uyğun olaraq 3-cü yer üçün 10 min, 2-ci yer üçün 20 min, 1-ci yer üçün 100 min İsveçrə frankı məbləğində mükafat verilib.
Əlavə edək ki, bu Mükafat dünya jurnalistika mükafatları arasında ən yüksək pul məbləğinə malikdir.
Azər Həsrət isə artıq üçüncü ildir ki, Fetisov Jurnalistika Mükafatlarının Ekspert Şurasında təmsil olunur. Onunla bərabər dünyanın müxtəlif ölkələrindən beynəlxalq səviyyədə tanınan təcrübəli ekspertlər də Şurada fəaliyyət göstərir.