Son yeniləmə: 22 Aprel 2024 09:33
Recep Tayyip Erdoğanın İraq səfərində 20-dən çox sazişin imzalanması gözlənilir
BAYRAQDAR MEDİA – Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan 12 illik fasilədən sonra aprelin 22-də İraqa rəsmi səfər edəcək.
Məlumata əsasən, R.T.Erdoğan Bağdad və Ərbildə İraq Prezidenti Əbdüllətif Camal Rəşid və bu ölkənin Baş naziri Məhəmməd Şiə əl-Sudani ilə görüşəcək.
Görüşlərdə Orta Doğudakı son hadisələr, təhlükəsizlik, terrorla birgə mübarizə, ticarət əlaqələri kimi məsələlərin müzakirəsi gözlənilir.
Bu arada İstanbulda Mavritaniyanın xarici işlər naziri Muhammed Salim Vild Merzuk ilə birgə mətbuat konfransı keçirən Türkiyənin xarici işlər naziri Hakan Fidan Cümhurbaşqanı Recep Tayyip Erdoğanın İraq səfəri barədə də açıqlama verıb.
Milliyet xəbər verir ki, Hakan Fidan “Cümhurbaşqanımızın səfəri zamanı 20-dən çox sazişin imzalanması ilə bağlı ilkin razılaşmaları tamamladıq. Səfər iki mərhələdə olacaq: Bağdad və Ərbil” deyib.
O, qeyd edib ki, Bağdadda Recep Tayyip Erdoğan İraqın Baş naziri ilə görüşəcək və işgüzar görüş nahar edəcək: “Daha sonra müqavilələr imzalanacaq. O, İraq prezidenti ilə də görüşəcək”.