BAYRAQDAR MEDİA – Səhiyyə naziri Teymur Musayev 2024-cü il 21–27 aprel tarixlərində Azərbaycanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Əmr Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 2006-cı ildən etibarən Avropa regionunda keçirilən “İmmunlaşdırma həftəsi”nin Azərbaycanda da yüksək səviyyədə təşkili məqsədini daşıyır. Sənədə əsasən Azərbaycanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi təşkilatı-hüquqi formasından asılı olmayaraq, respublikanın bütün tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb”.
Xəbərdə həmçinin “Azərbaycanın bütün şəhər və rayonlarında hər hansı səbəbə görə vaksinasiyadan kənarda qalan uşaqların “İmmunlaşdırma həftəsi” ərzində peyvəndlərə cəlb edilməsi, peyvəndlərlə əhatə səviyyəsi xüsusilə aşağı olan regionlarda monitorinqlərin keçirilməsi sənəddə öz əksini tapıb. Eyni zamanda, uşaqların vaksinasiyasını həyata keçirən tibb müəssisələrinə immunlaşdırma tədbirlərinin təşkilində metodiki köməkliyin göstərilməsi, əhalinin bu barədə maarifləndirilməsi kimi məsələlərin təşkili də nəzərdə tutulub” deyə qeyd edilir.