Son yeniləmə: 19 Aprel 2024 09:01
Anar İbrahimov: Naxçıvanın muxtariyyəti digər sahələrlə yanaşı, bölgənin mədəni inkişafına da töhfələr verib
BAYRAQDAR MEDİA – Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Rəssdamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb. Sərginin açılış tədbirində rəsmi şəxslər, Naxçıvanda fəaliyyət göstərən rəssamlar və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Bu barədə BAYRAQDAR MEDİA-ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Mətbuat xidmətindən məlumat verilib.
Ülviyyə Həmzəyeva: Sərgidə beynəlxalq rəsm festivallarında iştirak etmiş xarici və yerli rəssamların əsərləri nümayiş etdirilir
Bildirilib ki, “əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva bildirib ki, sərgidə 2012-ci ildən Naxçıvanı dünyada tanıtmaq məqsədilə keçirilən “Naxçıvan – Bəşəriyyətin beşiyi” Beynəlxalq rəsm festivallarında iştirak etmiş xarici və yerli rəssamların əsərləri nümayiş etdirilir”.
Naxçıvanın muxtariyyəti Azərbaycan xalqının və dövlətinin tarixi nailiyyətidir
Məlumata görə, sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov çxış edib: “Anar İbrahimov bildirib ki, Naxçıvanın muxtariyyəti xalqımızın və dövlətimizin tarixi nailiyyətidir. Naxçıvanın muxtariyyəti digər sahələrlə yanaşı, bölgənin mədəni inkişafına da töhfələr verib. İstər Sovetlər Birliyi dövründə, istərsə də müstəqillik illərində biz bu töhfələrin şahidi olmuşuq. Bugünkü tədbirin muxtariyyətin 100 illiyinə həsr olunması da Naxçıvan mədəniyyətinə və incəsənətinə mühüm töhfədir. Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi tərəfindən “Naxçıvan – Bəşəriyyətin beşiyi” Beynəlxalq rəsm festivallarının keçirilməsi də bu sahədə ilklərdən olub, diyarımızın qədim tarix və mədəniyyətinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edib”.
Məlumata əsasən, Ali Məclisin sədr müavini qeyd edib ki, incəsənət hər bir dövr üçün vacib sahədir: “Texnologiyanın sıçrayışı dövründə belə incəsənət bizim həyata baxışımızı formalaşdıran sənət növüdür. Həm indiki dövrün hadisələrini gələcəyə çatdırmaq, həm də gələcək nəsillərin estetik zövqünü formalaşdırmaq baxımından faydalıdır. Doğma diyarımızın qədim tarixinin, zəngin mədəniyyətinin belə əsərlər vasitəsilə nümayiş etdirilməsi muxtariyyət tarximizə mühüm töhfə və gələcək nəsillərə dəyərli ərmağandır. Anar İbrahimov Naxçıvanda fəaliyyət göstərən rəssamlara bu yolda uğurlar arzulayıb, sərginin təşkilinə görə təşəkkür edib”.
Baş konsul Türkiyə və Azərbaycan arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən danışıb
Mərasimdə Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya da çıxış edib: “Baş konsul Türkiyə və Azərbaycan arasındakı sarsılmaz dostluq və qardaşlıq münasibətlərindən, mədəni əlaqələrimizin davamlılığından danışıb, Naxçıvan Muxtar Respublikasının 100 illiyinin Türkiyədə müxtəlif tədbirlərlə və rəsm sərgiləri ilə qeyd olunmasını yüksək qiymətləndirib”.
Xəbərdə o da vurğulanıb ki, Rəssamlar Birlyinin sədri, əməkdar rəssam Ülviyyə Həmzəyeva Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş şüşə üzərində döymə əsərini Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimova hədiyyə edib.
Baxış zamanı məlumat verilib ki, sərgidə “Naxçıvan – Bəşəriyyətin beşiyi” Beynəlxalq rəsm festivallarında müxtəlif illərdə iştirak etmiş 52 rəssamın 54 əsəri nümayiş olunur. Əsərlərdə Naxçıvan təbiəti, abidələri, milli-mənəvi dəyərlərimiz rənglərin dili ilə dolğun şəkildə ifadə olunub.
Sərgi aprelin 20-dək davam edəcək.