Fikrət Əliyev: Güney Qafqazı qan çanağına döndərmək istəyən ölkələrin xalqlarına, ictimai fəallarına, ziyalılarına müraciət etməliyik
BAYRAQDAR MEDİA – “Bu gün müasir dünyamız daha çox kataklizmlərlə, hərbi toqquşmalarla, qanlı müharibələrlə xarakterizə olunur. Təbii ki bütün bu sadaladığımız mənfi və bəşəriyyət üçün təhlükəli tendensiyaların kökündə Batının müharibə komandasının çirkin niyyətləri dayanır. Məhz həmin komanda dünyanın müxtəlif nöqtələrində qanlı münaqişə ocaqları, müharibələr yaradıb və hazırda o yerlərdə baş verən insan fəlakətini, insan faciəsini soyuqqanlıqla izləyir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Unity Company şirkətinin təsisçisi, ictimai fəal Fikrət Əliyev deyib.
Onun sözlərinə görə, həmin məkirli qüvvələrin nəzərləri indi də Güney Qafqaza yönəlİb: “Artıq bir müddətdir Birləşmiş Ştatlar başda olmaqla Batı Güney Qafqazı hədəf nöqtəsi seçib. Öz qonşularından torpaq qoparmaq, işğalçılıq kimi məkrli hisslərdən əl çəkə bilməyən Ermənistan isə bu dəfə də Batının əlinin altında vasitəyə çevrilib. Yəni məhz Ermənistanın vasitəsilə ABŞ və AB-yə daxil olan bəzi ölkələr Güney Qafqazı yeni müharibə məngənəsinə salmaq istəyirlər. Lakin hesab edirəm ki, bunun qarşısını almaq hələ də gec deyil”.
F.Əliyev bildirib ki, dünyanın müxtəlif yerlərində yaşayan ictimai fəallar, ziyalılar, iş adamları, bir sözlə hər bir kəs bölgəmizə fəlakət gətirəcək bu siyasətə qarşı öz səslərini qaldırmalıdırlar: “Təbii ki bunun üçün bizlər, regionun tərəqqipərvər insanları hərəkətə keçməliyik. Hər bir kəs əlindəki imkandan istifadə edib bu gün Güney Qafqazı qan çanağına döndərmək istəyən ölkələrin xalqlarına, ictimai fəallarına, ziyalılarına müraciət etməlidir. Biz o insanlardan bacara bildikcə ölkələrinin rəhbərliklərinə təzyiq göstərməyi xahiş edə bilərik. Onların nəzərinə çatdıra bilərik ki, Batı Suriya, Əfqanıstan və İraqdakı fəlakətləri indi də Güney Qafqazda törətmək istəyir. Biz o insanlardan bu fəlakət ssenraisinin qarşısını almaq üçün həmrəylik göstərilməsini xahiş etməliyik. Onların nəzərinə çatdırmalıyıq ki, bu gün Güney Qafqazda baş verəcək hər hansl qığılcım sonradan Avropanın özünü alova bürüyə bilər”.