Press "Enter" to skip to content

Azərbaycan QHT-lərinin vahid ailəsi

Nadir İsmayılov

Son yeniləmə: 19 Aprel 2024 09:58

3 yaşı tamam QHT-lərə Dövlət Dəstəyi Agentliyi ötən müddət ərzində uğurlu fəaliyyət göstərərək Azərbaycan QHT-lərinin yeni dövrün tələblərinə uyğun inkişafı üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib

Nadir İSMAYILOV – Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi İctimai Birliyinin (CASCFEN) sədri

BAYRAQDAR MEDİA – Azərbaycanda ictimai sektorun, qeyri-hökumət təşkilatlarının (QHT) inkişafı üçün dövlət tərəfindən hər cür dəstək göstərilir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan QHT-lərə xüsusi diqqət və qayğı siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilir. QHT-lərin inkişafı, yeni dövrün tələblərinə uyğun səmərəli fəaliyyət göstərməsi üçün müvafiq Fərman və sərəncamlar imzalanır.

Agentlik ötən qısa zaman ərzində səmərəli fəaliyyəti ilə diqqət mərkəzində olub

Elə 3 il öncə dövlət başçısı tərəfindən imzalanan Fərman da bunun daha bir bariz nümunəsidir. Xatırladaq ki, Azərbaycan Respublikasında qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi və “Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 13 dekabr tarixli 674 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 19 aprel tarixli 1317 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əsasında “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi” publik hüquqi şəxs yaradılmışdır.

Fərmanda da qeyd edildiyi kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qeyri-hökumət təşkilatlarının inkişafı, dövlət-özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi və təşviqi, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən məsələlərə dair qeyri-hökumət təşkilatlarının irəli sürdükləri təşəbbüslərin, proqram və layihələrin mövzularının qiymətləndirilməsi və onlara dair rəy verilməsi, habelə qeyri-hökumət təşkilatlarının beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi sahələrində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Beləliklə, bu gün, yəni aprelin 19-da 3 yaşı tamam olan Agentlik ötən qısa zaman ərzində səmərəli fəaliyyəti ilə diqqət mərkəzində olub, belə deyək ki, Azərbaycan QHT-lərinin vahid ailəsinə çevrilməyi bacarıb. Bunun da kökündə yaddaqalan və dövlətin, xalqın mənafeyinə xidmət edən addımlar dayanır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva

Əslində, bununla bağlı çoxsaylı misallar çəkə bilərik. Lakin düşünürük ki, bu təbrik köşəmizdə Agentliyin və onun timsalında QHT sektrounun ötən 3 il ərzində atdığı mühüm addımların bir neçəsini qeyd etməklə məsələnin mahiyyətini dəyərli oxucularımızın diqqətinə çatdıraq.

İlk olaraq bir məsələnin üzərində ayrıca dayanmaq istəyirik. Bu bir həqiqətdir ki, Azərbaycanın QHT sektoru son illər vahid bir institut kimi həlledici məqamlarda, dövlət və xalq üçün vacib olan proseslərdə öz sözünü deyir, səmərəli fəaliyyəti ilə ona olan ümidləri doğruldur.

Azərbaycanın QHT sektoru dövlətin və xalqın yanındadır

Təbii ki, bunda da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövcud rəhbərliyinin, o cümlədən bu qurumun çevik və məhsuldar komandasının rolu danılmazdır.

Laçın- Xankəndi yolunda keçirilən aksiyadan foto-xatirə
Laçın- Xankəndi yolunda keçirilən aksiyadan foto-xatirə

QHT sektorunun bəhs edilən fəaliyyəti ilə bağlı yetərincə misallar çəkmək olar. Ancaq təkcə 2022-ci il dekabrın 12-də başlayan və 138 gün davam edən ekoloji aksiyanı xatırlatmaq yuxarıda qeyd etdiyimiz fikrin təsdiqi üçün kifayətdir. Həmin vaxt bir qrup azərbaycanlı ekoloqun, QHT nümayəndələrinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarına qarşı Laçın-Xankəndi yolunda keçirdikləri aksiya dünyaya səs saldı. Dünya bir daha Azərbaycan cəmiyytətinin, xüsusilə də QHT sektorunun milli məsələlərdə vahid mövqedən çıxış edə bildiyini gördü. Dünya həm də onu gördü ki, Azərbaycanın QHT sektoru dövlətin və xalqın yanındadır.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin çevik və məhsuldar komandası

Bundan başqa ötən müddətdə digər bu kimi, birlik və həmrəyliyə xidmət edən addımlar oldu. Azərbaycanın QHT sektoru həm ölkə daxilində, həm də xaricdə həqiqətlərin dünyaya çatdırılması üçün bir araya gəldi.

Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumundan bir xatirə
Azərbaycan-Özbəkistan QHT-lərinin Əməkdaşlıq Forumundan bir xatirə

Onu da vurğulayaq ki, dövlətin QHT sektoruna göstərdiyi diqqət və qayğıdan güc alaraq bu sektorun daha səmərəli fəaliyyət göstərməsi üçün davamlı addımlar atan QHT-lərə Dövlət Dəstəyi Agentliyinin çevik və məhsuldar komandası, türk dünyasının birliyinin daha da gücləndirilməsi üçün həyata keçirilən siyasətə dəstək istiqamətində də öz sözün deyir, imzasını atır.

2023-cü ildə Azərbaycan və Türkiyə, o cümlədən Azərbaycan və Özbəkistan QHT-lər arasında görüşlərin keçirlməsi, sənədlərin imzalanması da deyilənləri bir daha təsdiqləyir. Görünən odur ki, Azərbaycan türk dünyasının QHT sektorunun bir araya gəlməsi, vahid bir komada kimi addım atması üçün bir mərkəz, etibarlı körpü rolunu oynamaqdadır.

Başlanılan genişmiqyaslı islahatların ilkin nəticələri var

Təbii ki, Agentliyin ötən müddətdə fəaliyyətinin prioritetlərindən birini də QHT sektorunun yeni dövrün tələblərinə cavab verməsi üçün atılan addımlar təşkil edib. Məhz bu məqsədlə başlanılan genişmiqyaslı islahatların ilkin nəticələri isə artıq var. Söhbət QHT-lər üçün qrant müsabiqələrinin yeni qaydalar əsasında keçirilməsindən gedir.

Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev (ortada), QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, həmin Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov qalib QHT rəhbərləri ilə görüş zamanı
Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev (ortada), QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, həmin Agentliyin Müşahidə Şurasının üzvü Azər Allahverənov qalib QHT rəhbərləri ilə görüş zamanı

Yeni yanaşmalar və Nazirlər Kabinetinin müsabiqənin aparılması ilə əlaqədar ötən il qəbul etdiyi yeni qaydalar öz müsbət bəhrəsini verir. Agentliyin 2024-cü il üzrə elan etdiyi kiçik, orta və böyük qrant müsabiqələrində iştirak üçün ümumilikdə 779 təşkilatdan müraciət daxil olub. Agentliyə ilk dəfə qrant almaq üçün müraciət edən QHT-lərin sayı 119 olub. Agentlik rəhbərliyi haqlı olaraq bu rekord göstəriciləri cəmiyyətdə bu qurumun işinə yaranan inam və etibar kimi qəbul edir.

Qrant müsabiqəsində qalib olan QHT-lərinin rəhbərləri ilə növbəti görüşdən foto
Qrant müsabiqəsində qalib olan QHT-lərinin rəhbərləri ilə növbəti görüşdən foto

Xatırladaq ki, ilk dəfə bütün proses tam elektronlaşdırılıb, bütün layihələr “bir pəncərə”dən qəbul edilib, vahid proses kimi idarə olunub. İlk dəfə müsabiqə mövzuları 5 əsas istiqamət üzrə verilib, sonuncu istiqamət tam sərbəst saxlanılıb ki, QHT-lər cəmiyyətin içərisindən gələn digər mövzuları da rahatlıqla ortaya qoya bilsin, hər mövzu üzrə kiçik, orta və böyük qrantları seçmək də sərbəst olub.

QHT sektoru COP29 kimi mühüm beynəlxalq tədbirdə də ön sıralarda olacaq

Biz yuxarıda qeyd etdik ki, QHT sektoru dövlətin və xalqın yanında olmaqla, milli maraqlarımıza xidmət edir. Bura bir məqamı da əlavə edə bilərik ki, artıq atılan addımlar, sektorda başlanılan islahatlar öz ilkin bəhrəsini verir.

COP29-la əlaqədar yaradılmış Təşkilat Komitəsinin tərkibində təmsil olunan QHT-lərlə və ekoloji profil üzrə bir sıra ekspertlərlə görüş
COP29-la əlaqədar yaradılmış Təşkilat Komitəsinin tərkibində təmsil olunan QHT-lərlə və ekoloji profil üzrə bir sıra ekspertlərlə görüş

Mövcud mənzərə ondan xəbər verir ki, bu sektorun üzərinə düşən vəzifələrin öhdəsində layiqincə gəlmək üçün göstərdiyi fəaliyyət məmnunluqla qarşılanır və artıq QHT sektoru COP29 kimi mühüm beynəlxalq tədbirdə də ön sıralarda olacaq. Hər halda Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə COP29, Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyası və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsində QHT nümayəndələrinin də təmsil olunmasını məhz bu cür dəyərləndirmək olar.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyasından xatirə fotosu
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyasından xatirə fotosu

Hesab edirik ki, Təşkilat Komitəsində dövlət qurumları ilə yanaşı, müvafiq profil üzrə işgüzar, ən fəal vətəndaş cəmiyyəti təsisatlarının yüksək səviyyədə təmsilçiliyi Azərbaycan dövlətinin QHT-lərə yaratdığı şəraitin, göstərilən böyük etimadın parlaq nümunəsidir. Bir daha vurğulayaq ki, bu, eyni zamanda Azərbaycan QHT-lərinin onlara olan ümidləri doğrultduqlarına dair bir mesaj kimi də dəyərləndirilə bilər.

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası zamanı
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti ağacəkmə aksiyası zamanı

Bu gün bütün gücü ilə COP29-a hazırlaşan QHT sektoru həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiyalarda da ön sırada gedir. Təsadüfi deyil ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin birgə təşkilatçılığı ilə Bakının Müşfiqabad qəsəbəsində silsilə ağacəkmə aksiyası keçirilir.

QHT-lərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə da uğurla nail olunacaq

Yazımızın sonunda Agentliyin rəhbərliyini və heyətini 3 illik səmərəli fəaliyyətə görə təbrik edir və bu qurumun Nizamnaməsində göstərildiyi kimi, Azərbaycanın inkişaf prioritetlərinə uyğun olaraq, vətəndaş cəmiyyətinin inkişafını təşviq etmək və qalib Azərbaycanın inkişaf etmiş dövlətə çevrilməsi yolunda aparılan dövlət siyasətinə maksimum töhfə verilməsini təmin etmək məqsədilə göstərdikləri fəaliyyətdə onlara yeni-yeni uğurlar arzu edirik. Əminik ki, qarşıya qoyulan daha bir məqsədə, QHT-lərlə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə da uğurla nail olunacaq.

Təbii ki, bundan öncə olduğu kimi bundan sonra da Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbkəsi İctimai Birliyi olaraq biz də üzərimizə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışacayıq.

Mission News Theme by Compete Themes.