Press "Enter" to skip to content

“Bir ömrün naxışları” sərgisi

Bir ömrün naxışları

BAYRAQDAR MEDİA – Aprelin 19-da Milli Xalça Muzeyində Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyi münasibəti ilə “Bir ömrün naxışları” adlı sərgi açılacaq.

Bu haqda sözügedən Muzeyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “Mədəniyyət Nazirliyi və Muzeyin birgə təşkilatçılığı ilə keçiriləcək sərgidə xalça sənətində öz dəsti-xətti, fərqli yanaşma tərzi ilə seçilən sənətkarın müəllifi olduğu 40-dək əsər nümayiş etdiriləcək. Onların sırasında milli adət-ənənələrdən, nağıl və əsatirlərdən, türkçülük ideyalarından bəhrələnərək yaradılan orijinal kompozisiyalı “Oğuz onqonları”, “Oğuz damğaları”, “Qızıl balığın nağılı”, “Dür at”, “Qurbanlıq qoç”, “Ağaclı”, “Simurq quşu”, “Novruz fəlsəfəsi”, həmçinin vətənə sonsuz məhəbbəti, doğulub, boya-başa çatdığı Abşeron torpağına, onun təkrarolunmaz ab-havasına bağlılığı tərənnüm edən “Azərbaycan”, “Naxçıvan”, “Şirvan”, “Əncir ağacı”, “Faytonçu”, “Neft səltənəti” kimi xovsuz və xovlu xalçalar yer alacaq”.

Daha sonra xəbərdə, “görkəmli rəssam, böyük alim Lətif Kərimov məktəbinin davamçılarından sayılan A.Rəcəbov əsərlərində türk-oğuz ornamental motivlərindən geniş istifadə edərək ənənə və müasirliyin mükəmməl vəhdətinə nail olub. Onun yaratdığı bəzi süjetli xalçalarda orta əsr Azərbaycan miniatür sənətinin təsirlərini də görmək mümkündür. Xalq rəssamının mükəmməl kompozisiya quruluşu, uğurlu rəng həlli, yüksək texniki göstəriciləri, həndəsi stilizasiyası ilə seçilən xalçaları Azərbaycanın və xarici ölkələrin muzeylərində, qalereyalarında qorunub saxlanılır. Milli xalça sənətinin bütün incəliklərindən bəhrələnən çoxşaxəli yaradıcılığa malik A.Rəcəbovun yubiley sərgisi aprelin 30-dək davam edəcək” deyə qeyd edilir.

Mission News Theme by Compete Themes.