BAYRAQDAR MEDİA – Azərbaycan və Türkiyə kuklaçılarını bir araya gətirəcək növbəti sənət bayramı – III Beynəlxalq Hadi Poyrazoğlu Kukla və Karagöz Festivalı işinə başlayır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Dövlət Kukla Teatrının mətbuat xidmətindən daxil olub.
Xəbərdə qeyd olunur ki, “Türkiyə Mədəniyyət və Turizm Nazirliyi, UNESCO-nun Türkiyə Milli Komissiyası və TİKA-nın dəstək verdiyi sənət festivalının təşkilində məqsəd kuklaçıları bir araya gətirməklə onların milli kukla teatrı və oyunları ənənələrini dünya miqyasında təbliğ etmək və yeni müştərək layihələrin reallaşmasına zəmin yaratmaqdır. 22 aprel – 2 may tarixlərini əhatə edəcək ənənəvi beynəlxalq festivalın açılışı aprelin 22-də Türkiyənin paytaxtı Ankara şəhərində olacaq. 22-26 aprel tarixlərində Ankaranın müxtəlif teatr və sənət mərkəzlərində Azərbaycan da daxil olmaqla qonaq ölkələr kukla tamaşaları ilə çıxışlar edəcəklər”.
Sonra xəbərdə deyilir ki, “tədbirə Azərbaycanla yanaşı, Almaniya və İtaliyadan kukla teatrları, eləcə də dünyanın müxtəlif ölkələrində kukla və uşaq teatrları sənətçiləri qatılacaqlar. Festival marafonu 27-28 apreldə İstanbulda davam edəcək. Azərbaycanın Kukla Teatrının təmsilçiləri hər iki şəhərdə çıxışlar edəcəklər. Yaradıcı heyət qardaş ölkə tamaşaçıları qarşısında repertuardakı iki maraqlı nümunəni – “Müsyö Jordan və Dərviş Məstəli şah” marionet (M. F. Axundzadə) və “Məlikməmməd” (Azərbayxan xalq nağılı) kukla tamaşalarına nümayiş etdirəcəklər. Proqramın son dayanacağı isə Azərbaycan – Bakı şəhəri olacaq. Beləcə Türkiyə kuklaçıları Azərbaycan Dövlət Kukla Teatrı səhnəsində çıxışlar edəcəklər”.
29 aprel – 2 may günlərinə təsadüf edəcək səfər çərçivəsində festival proqramına daxil olan tamaşalar bakılı teatrsevərlərin ixtiyarına veriləcək.
Türkiyə teatr təmsilçiləri tamaşaçılar üçün maraqlı olacaq kukla teatr sərgisi və kuklaların hazırlanma prosesini ehtiva edən seminar-təqdimatları da nəzərdə tutublar.