Son yeniləmə: 18 Aprel 2024 09:45
BAYRAQDAR MEDİA – Aprelin 16-da Qız Qalası Qalereyasında (“QGallery”) ÇARDAQ art platformasının təsisçisi və rəhbəri, rəssam Elşən Karacanın “Cəsur ürək” (Braveheart) adlı fərdi sərgisinin açılışı olub.
Açılışda Azərbaycanın tanınmış sənət adamları, rəssamlar, media nümayəndələri iştirak edib.
20-dən çox rəsm əsərinin nümayiş olunduğu sərgidə motosiklet yarışçılarının dəqiq çəkilmiş pozaları və təsvirləri, fırlanma həndəsəsi, sürət və küləyin çılğın axarının üzünə dəyməsi əks olunub. Rəsmlərdəki qəddar qafqazlı atlıları təsvir olunub. ‘Braveheart’ yeni əsərlər silsiləsi güc, ehtiras və azadlıq uğrunda mübarizənin zəngin təfərrüatlı dastanıdır.
Sərgiyə gələnlər həmişə axtarışda olan və yaradıcılığında yalnız öz üstünlüklərini rəhbər tutan azad rəssam E.Karacanı təbrik edərək ona xoş sözlər ünvanlayıb, yaradıcılığında daha böyük nailiyyətlər qazanmağını diləyiblər.
Sonda E.Karaca sərgi ilə bağlı təəssüratlarını BAYRAQDAR MEDİA ilə bölüşüb: “Sərgi ilə bağlı təəssüratım çox gözəldir, mən heç belə gözləmirdim. Sərgi tam müasir formada keçdi. Gələn qonaqların çoxu bildirdilər ki, belə bir şey daha öncə Azərbaycanda olmayıb. Həmçinin qeyd etdilər ki, həm mövzu, həm də sərgidəki əsərlər heç bir rəssamın əl işinə oxşamır, əsərlərdə özünəməxsusluq var. Hətta bir sənətşünas dedi ki, sən yeni bir şey yaratmısan, bu, dünyaya çıxarılacaq bir şeydir. Bildirim ki, baykerlərin sərgiyə gəlməsi, incəsənətə daxil olması hələki olmamışdı. Yəni belə bir sərginin olması çoxlarına yaxşı təsir etdi. Bir daha sərgiyə gələn hər kəsə təşəkkürümü bildirirəm”.
Rəssam sərginin ideyasının necə yarandığını da açıqlayıb: “Sərginin ideyası ondan yarandı ki, II Qarabağ müharibəsində sonra xalqımızın məğrurluğu və qəhrəmanlığı daha çox özünü göstərməyə başladı və artıq kimliklərini xatırladıqlarının şahidi oldum. Keçmişdə olan qəhrəmanlar xalqın içindən olan insanlar olaraq sanki müasir dövrdə peyda oldular. Bu hadisələr məndə qəhrəmanların atlarının çağdaş dövrdə “dəmir at”larla – motorsikletlə əvəz edib, yeni seriyanın – Qafqaz seriyasının yaranmasına səbəb oldu”.
Bildirək ki, sərgidə E.Karacanın xalq qəhrəmanı Koroğlunun müasir formada obrazını yaratdığı əsərlər də nümayiş olunur.
Qeyd edək ki, sərginin son günü aprelin 19-dur.