BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, Xalq artisti Ramiz Mirişlinin 90 illik yubileyi ilə əlaqədar unudulmaz sənətkarın “Amerikalı kürəkən” tamaşası nümayiş olunub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “səhnə əsərinin nümayişindən sonra Əməkdar artist Əkbər Əlizadə bəstəkarın həyat və yaradıcılığı barədə tamaşaçılara məlumat verib, Azərbaycan mədəniyyətinə verdiyi töhfələrdən danışıb. Daha sonra Xalq artisti İlham Namiq Kamal R.Mirişli ilə bağlı xatirələrini bölüşüb, bu səhnə əsərindən başqa onun “Qısqanc ürəklər” operettasında da oynadığını vurğulayıb. Tamaşada əsərin müəllifi Əməkdar mədəniyyət işçisi Marat Haqverdiyev və R.Mirişlinin oğlu, bəstəkar Nazim Mirişli də iştirak edib”.
Daha sonra xəbərdə, “2010-cu ilin 29 mayından səhnədə olan və teatrın repertuarında özünəməxsus yer tutan bu tamaşanın quruluşçu-rejissoru İ.N.Kamal, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir” deyə qeyd edilir.
Tamaşanın 66-cı nümayişində İ.N.Kamal, Əməkdar artistlər İqrar Salamov, Ə.Əlizadə, aktyorlar Rəsmiyyə Nurməmmədova, Gülçöhrə Abdullayeva, Səmədzadə Xasiyev, Əliməmməd Novruzov, Gültac Əlili, Gülnarə Əzizova, Ruslan Mürsəlov, Mehriban Rəcəbova, Nigar Qarayeva, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.