Son yeniləmə: 16 Aprel 2024 09:48
BAYRAQDAR MEDİA – “Türkmənqaz” dövlət konserninin sədr müavininin rəhbərlik etdiyi nümayəndə heyəti bu günlərdə Brüsseldə bir sıra görüşlər keçirib.
Türkmenportal.com xəbər verir ki, görüşlərdə Türkmənistan-Avropa Birliyi Enerji İşçi Qrupunun iclası diqqət mərkəzində olub.
Məlumata görə, Türkmənistan tərəfdən görüşdə “Türkmənnebit” Dövlət Konserni, “Türkmənenerqo” Dövlət Elektrik Korporasiyası və Türkmənistanın Brüsseldəki səfirliyinin nümayəndələri iştirak ediblər: “Türkmənistan nümayəndə heyəti ilə Avropa Komissiyasının enerji məsələləri üzrə Nazirlər Kabinetinin rəhbəri Stefano Qrassi arasında görüş keçirilib. Bundan əlavə, nümayəndə heyəti Avropa Xarici Fəaliyyət Xidmətinin enerji diplomatiyası üzrə baş məsləhətçisi Tibor Stelbaski ilə görüşüb. Görüşdə bərpa olunan enerji mənbələri və bir sıra digər məsələlər müzakirə olunub. Türkmənistan-Avropa Birliyi Enerji İşçi Qrupunun iclasında isə əsas mövzular Türkmənistanın qaz təchizatı kanallarının şaxələndirilməsi, son inkişaflar və metan emissiyaları üzrə praktiki əməkdaşlıq imkanları, bərpa olunan enerjinin üç dəfə artırılması olub”.
Xəbərdə vurğulanıb ki, Türkmənistan nümayəndə heyəti yaşıl enerjiyə keçid və metan emissiyalarının azaldılması sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib: “İclasda, həmçinin regionda enerji təhlükəsizliyi və sabitliyin təmin edilməsi üçün əməkdaşlığın gücləndirilməsinin daha geniş geosiyasi nəticələri və strateji əhəmiyyəti müzakirə olunub”.