Son yeniləmə: 16 Aprel 2024 10:36
BAYRAQDAR MEDİA – Meksikanın geniş oxuyucu kütləsinə malik “El Universal” qəzetində “Dananlara və gətirdikləri hədiyyələrə etibar etməyin” (Teman a los dánaos y a los regalos que traen) başlıqlı təhlil xarakterli məqalə dərc olunub. Batının Güney Qafqazı qarşıdurma və toqquşmalar üçün yeni platformaya çevirmək niyyətindən bəhs edən məqalənin müəllifi bu ölkənin aparıcı ali təhsil müəssəsisələrindən olan UNAM (Universidad Nacional Autónoma de México) Universitetinin professoru Talya İşcandır.
Bu barədə BAYRAQDAR MEDİA-ya aprelin 16-da Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, “Brüsseldə keçirilmiş məlum 5 aprel görüşünə istinad edən müəllif sülhə istiqamətlənən regionda Batının son addımlarından xəbərdar olanlar üçün Ermənistana artan marağın təəccüblü olmadığını bildirib.
Ermənistanı təhrik edərək Güney Qafqazı parçalamaq və Azərbaycanın təcrid olunmasnı nəzərdə tutan keçirilmiş görüşə münasibətdə ölkəmizin narahatlığına haqq verən müəllif sözügedən görüşün digər regional güc Türkiyə tərəfindən regionda bir çox mürəkkəb problemlərin həlli üçün əsas olan neytral yanaşmanı pozmaq cəhdi kimi qiymətləndirildiyini, Azərbaycanı istisna edən istənilən təşəbbüsün Güney Qafqazın sülh əvəzinə geosiyasi qarşıdurmaya çevrilməsinə yol açacağı barədə xəbərdarlıq edildiyini vurğulayıb”.
Məlumata əsasən, bu xüsusda, məqaləsində Batının və Avropanın Ermənistanla iqtisadi əməkdaşlıq adı altında pərdələnmiş görüşünün əsl məramını təhlil edən müəllif görüşün əslində regionu parlaçalamağa yönəlik bir addım olmasına eyham edib: “O, Avropa tərəfindən Ermənistanı silahlandırmaq və ölkəni Rusiyadan uzaqlaşdırmaqla Güney Qafqazı idarə etmək məqsədilə mütəmadi əsasda səsləndirilən mövcud olmayan “təşviş yaradan” ssenarilər, habelə Fransa prezidenti və Fransanın Ermənistandakı səfiri tərəfindən səsləndirilən bəyanatlar fonunda Batının səmimiyyətinin şübhə doğurduğunu bildirib”.
Məlumatda deyilir ki, məqaləsində bununla yanaşı Batının bu kimi mövqeyinin təhlükəli olduğunun İtaliya kimi bir sıra Avropa dövlətləri tərəfindən qəbul edildiyini bildirən müəllif sözügedən ölkələr tərəfindən Azərbaycanın AB-nin tərəfdaşı kimi, xüsusilə də enerji sektorunda mühüm rolunun tanındığını diqqətə çatdırıb: “Məqaləsində Ermənistanın Qərblə yaxınlaşmasının mənfi nəticələrindən söz açan müəllif Rusiya və İranın sərgilədiyi mövqelərə toxunub. O, Ermənistan hökumətinin vəziyyətdən istifadə edərək özünü Rusiya və İrana qarşı Qərbin dayağı kimi göstərməyə çalışdığını qeyd edib. Bu xüsusda, Qərb tərəfindən Ermənistanın tarixi və ən mühüm müttəfiqi Rusiyadan uzaqlaşdırmaq cəhdlərinin öz növbəsində bir sıra Batı ölkələri ilə Rusiya arasında yeni gərginliklərə yol açdığını bildirən müəllif Rusiya mənbələrinə istinadən Ermənistanda yerləşdirilmiş məlum AB missiyasının faktiki olaraq NATO missiyası olduğunu diqqətə çatdırıb. İrana gəldikdə isə, Ermənistanın Batı ilə yaxınlaşmamaqla bağlı xəbərdarlıq edildiyi xatırladılıb. Sonda Batının son gedişi və cəhdlərinin Batı ilə Rusiya arasında daha bir qarşıdurmaya səhnə kimi Güney Qafqaz regionunun parçalanması istiqamətində çox təhlükəli tendensiyaya dəlalət etdiyini bildirən müəllif bunun Ermənistanın gələcəkdə suverenliyinin zəifləşməsi ilə ölkənin “suriyalaşması” demək olduğunu diqqətə çatdırıb”.