Son yeniləmə: 16 Aprel 2024 17:41
BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun həkim kardioloqu Leyla Quliyeva ürək-damar xəstəlikləri haqqında məlumat verib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirliyin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “L.Quliyeva öncə ürək-damar xəstəliklərinin (ÜDX) səbəbləri haqqında danışıb. Kardioloq deyib ki, əgər yaxın qohumlardan hər hansı biri (ata, ana, baba) miokard infarktı, angioplastika və ya aorta koronar şuntlama (AKŞ) əməliyyatı keçiribsə, o zaman belə şəxslər diqqətli olmalıdırlar. İrsi faktor risklərin 20-25 faizini təşkil edir, 75-80 faiz digər risk faktorlarının payına düşür. O, eləcə də digər risk faktorlarına sağlam olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqaret, arterial hipertenziya, hərəkətsizlik, stressin aid olduğunu qeyd edib. Ürək-damar xəstəliklərinə təkcə bu amillərin tək səbəb olmadığını, onların bəzilərinin birlikdə xəstəliyə səbəb olduğunu deyən kardioloq əlavə edib k, əgər kimdəsə irsi faktor varsa və bununla yanaşı insulin dirənci, artıq çəki, xolestrol yüksəkdirsə, o, diqqətli olmalıdır”.
Həkim ürəyi qoruyan qida məhsulları haqqında danışarkən gün ərzində 5-6 badamın həm ürək-damar, həm də yaddaş pozğunluqlarında əvəzolunmaz qida olduğunu, həmçinin balqabaq, zeytun yağı, sarımsaq, pomidorun ürək-damar xəstəliklərinin qarşısını aldığını vurğulayıb.
L.Quliyeva sonda fiziki aktivliyin ürək-damar xəstəlikləri olan insanlar üçün faydasından da bəhs edib.