Son yeniləmə: 16 Aprel 2024 16:52
BAYRAQDAR MEDİA – Dostlarım bilir, imkan olduqca Atatürk Parkına yürüşə çıxıram. Bəzən tək, bəzən xanımımla, bəzən də kiminləsə görüşmək istəyəndə oranı seçirəm. Həm gəzinti üçün uyğun olması, həm də evimizə yaxınlığı baxımından işimə yarayır.
Gəzdikcə də ətrafa baxıram, müşahidələr aparır, özüm örnək olmaqla qüsurların düzəldilməsinə çalışıram.
…Ən ciddi (həm də ən iyrənc) problem adamların hara gəldi tüpürməsidir. Parkda az qala addımbaşı buna rast gəlmək mümkündür ki, adamın ürəyinin bulanmaması sadəcə imkansızdır.
İkinci problem isə insanların parkda gəzərkən (təkcə sözügedən parkda deyil, elə lap adi səkilərdə də) yolun sağına-soluna fikir verməməsidir. Bir də görürsünüz ki, bir ailədir (və ya dostlardır), düz parkın yürüş hissəsinin ortası ilə sıraya düzülüb hərəkət edir. Yaxud da çoxları sağla deyil, solla, bəzən orta ilə, bəzən də ziqzaqla hərəkət edərək başqalarına rahatsızlıq verir. Belə hallarda mən uzaqdan özümü toparlayıb mümkün qədər tərs yöndən gələnləri nəzakətlə “sıxışdırmalı” oluram ki, bəlkə anlayalar. Amma inanın ki, hələ bu günə qədər anlayan birisini görməmişəm. Ona görə də parklarda piyadaların sağ tərəflə hərəkət etməsinə çağırış edən nişanlar qoymaq lazımdır… (Düzdür, az sayda da olsa sağ tərəflə hərəkət edənlərə rast gəlmək olur.)
Başqa bir problem isə Atatürk Parkının içindəki iaşə obyektləridir. İndi kimsə deyəcək ki, istirahət üçün bu da vacibdir. Razıyam. Amma bu obyektlər piyada gəzintisi üçün nəzərdə tutulan zolaqları zəbt etməməlidir axı…
Haşiyə: Atatürk Parkının içində “İsa bulağı” adlı bir obyekt vardı. Təmirdə idi. Bir müddət sonra iş dayandı, ardından da daha sürətlə iş aparılmağa başladı. Adını dəyişib “CoffeeLea” qoydular. Yəni anlaşıldı ki, əl dəyişdirib, əvvəlki sahibinin milli damarı olduğu üçün milli ad qoyub, yeni sahibi də adından göründüyü kimi, milli birisi deyil. Amma iş bununla bitmir. Obyekt qısa müddətə istifadəyə yararlı hala gətirilib xidmət verməyə başladı. Və bu xidmətin bir hissəsi düz piyada zolağının tən ortasına qədər uzandı. İndi biz parkda gəzərkən o hissəni bu “CoffeeLea”nın başına dolanaraq keçməli oluruq.
…Aprelin 16-da günortadan sonra da gəzintiyə çıxdım. Bu dəfə “Gənclik” metro stansiyasına qədər getdim. Çoxdan diqqətimi çəkmiş bir məsələyə görə. Parkın metro tərəfdən girişində yazılmış adında bir hərf səhvi var, onu çəkib ictimailəşdirmək, düzəldilməsi üçün çağırış etmək fikrim vardı.
Elə də etdim. Girişdə heç kimi narahat etməyəcək bir qaydada şəkli çəkib kənara çəkildim. Bu anda bir cavan oğlan yaxınlaşdı, mədəni şəkildə soruşdu ki, “müəllim, onu niyə çəkdiniz”? Cavab verdim ki, “bu suala cavab verməyə borclu deyiləm”. Dirəşdi ki, “mən buranın mühafizəçisiyəm, bunu öyrənməliyəm”. Bir daha izah etdim ki, bura açıq – ictimai bir parkdır. Xüsusi qorunan obyekt deyil, ona görə də şəklini çəkdiyimiz üçün heç kimə, o cümlədən də sizə hesabat verməli deyiləm. Ardından da dedim ki, “lütfən uzaqlaşın və məni narahat eləməyin”.
Elə bunu demişdim ki, bir dəstə adam yaxınlaşdı. 4-5 nəfər. Birisi özünü Parkın mühafizəsinin rəhbəri kimi təqdim elədi. Dedim ki, “mənə dəxli yoxdur, lütfən narahat eləməyin”. O da eyni qafayla qayıtdı ki, “biz bunu öyrənməliyik”. Onda cavab verdim ki, “tələbiniz qanuni deyil, qanunidirsə, polis çağırın, gəlsin, aydınlaşdıraq”.
Bunun ardından “mühafizə rəisi” qayıdasan ki, “mən işverən deyiləm”. Yəni bu adamın qanun tələbimizə yanaşması bu qədər aşağı səviyyəli oldu…
Yeri gəlmişkən, mən də onlara dedim ki, bir vətəndaşı narahat etdiyiniz üçün 102-yə zəng etməli olacağam. Başa salmağa çalışdım ki, ictimaiyyətin qarşısında belə ədəbsizlik edə bilməzsiniz. Düzdür, çəkilib getdilər, amma anlamadılar…
Şəkli niyə çəkdiyimə gəlincə, yuxarıda da qeyd etdiyim kimi, parkın adı yanlış yazılıb. “Atatürk Park” deyil, Atatürk Parkı yazılmalıdır. Amma əminəm ki, o bazarxananın sahibinin elə bir şey heç vecinə də deyil. Ola da bilməz. Çünki bunu anlayacaq birisi olmadığı zatən işçilərinin davranışından da, elə parkın adındakı səhvin illərdir orda olmasından da anlaşılır…
Bəlkə də çoxlarına xırda görünəcək bu məsələni təsadüfən ictimailəşdirmirəm. Bizim ölkəmizdə təəssüflər olsun ki, xidmət sektorunda, bu cür obyektlərdə bəzən illərdir eyni problemlər var və qalır. Heç kim də o problemləri kökündən həll etməyə həvəs göstərmir.
…Hər kəs bilir ki, Bakı bulvarında (Dənizkənarı Milli Park) da bənzər problemlər aşıb-daşır. İş o həddə çatıb ki, oradakı iaşə obyektlərində adi bir çay içmək ortabab insan üçün əlçatan deyil. Haradasa oturub bir stəkan çay içmək istəsən sənə zorla mürəbbə, cürbəcür şirniyyat da sırıyacaqlar. Ona görə də illərdir ki, mən Bulvarda çay içmirəm…
Haşiyə: 2015-c ildə Azərbaycan 1-ci Avropa Oyunlarına ev sahibliyi etdi. Səs gətirən möhtəşəm bir təşkilatçılıq oldu. Hər kəs xatırlayar ki, Bulvarda çay məsələsini müvəqqəti də olsa həll etmişdilər (demək ki, istəyəndə həll etmək olur). Tapşırıq verilmişdi ki, müştərilər istədiyi halda qiyməti 2 manatdan çox olmamaqla sadə çay verilsin. Obyektlər o çayı verirdilər də. Amma bəzi danabaşlar bu tapşırığa belə əməl etməmək üçün hər cür haramzadalığa əl atırdılar. Öz başıma gəlib, ona görə deyirəm…
Həmin günlərdə bir ingilis jurnalist mənimlə görüşmək istəmişdi. Onu Bulvara dəvət elədim. Kafelərin birində oturduq. Xidmətçi yaxınlaşdı, sifarişimizi almaq istədi. Mən də qonağın nə istədiyini soruşdum, öz təkliflərimi də səsləndirdim. O isə dedi ki, sadə bir çay içib söhbət etmək istəyir. İş belə olunca xidmətçiyə dedim ki, bizə sadə bir çay gətir. Şirniyyat lazım deyil. Getdi, az sonra əlində yekə bir sini, içi də şirniyyatla dolu, masamıza yaxınlaşdı. Təəccüblə üzünə baxdım. Dedim ki, “axı sadə çay istədik, bunu niyə gətirdin”? Cavab verdi ki, “birdən könlünüz çəkər”. Belə yerdə əsəbləşmərəmmi? Amma qonağın qarşısında özümü tutmağa məcbur idim və gülə-gülə oğlana bir-iki “söz” deməli oldum. Onu da dedim ki, “heç olmasa bu vacib günlərdə bu alverçi təfəkkürünüzü bir kənara qoyun. Cəmi iki həftə dözün, sonra yenə də müştərilərə nəyisə zorla sırıyarsınız”. Təbii ki, qonaq da nəyinsə yolunda olmadığını anlayacaqdı ki, yalandan obyekt sahibinin bizi qonaq etmək istədiyini dedim. Qonağımız təkrar təşəkkür etdi, yalnız çay içəcəyini bildirdi…
Sözümün canı odur ki, indi Azərbaycan COP29 kimi dünyanın ən böyük tədbirinə hazırlaşır. Bu tədbir üçün ölkəmizə aşağı-yuxarı 100 min qonaq gələcək. Biz də bu fürsətdən ölkəmizi və xalqımızı yaxşı tərəfdən tanıtmaq üçün istifadə edəcəyik. İndi təsəvvür edək ki, belə bir şəraitdə Atatürk Parkındakı olay bir turistin başına gələcək. Yaxud da hansısa obyektdə hansısa əcnəbiyə atış atacaqlar. Və bu alverxana səviyyəli adamlar dövlətin o boyda gərəkli təşəbbüsünü alt-üst edəcəklər. Ki, 3-5 manat artıq pul qazansınlar…
Ona görə də bu yazını yazaraq həyəcan təbili çalıram. Xidmət sektoruna əməlli-başlı əl gəzdirmək lazımdır. Onların sahiblərini, ardından da işçilərini seminarlara cəlb etmək, qayda-qanun öyrətmək çox vacibdir. Əks təqdirdə rəzil olacağıq dünyaya. Ölkəmizə gələcək 100 min qonaqdan mini mənim kimi adi bir məsələyə görə sorğu-suala tutulsa, elə bu bəs edəcək ki, “The Guardian” başda olmaqla məlum media şəbəkəsi bizi gözdən salmaq üçün geniş çaplı kampaniyaya başlasın. Bu bəhanəni verməyək onlara…
Sonda: Hansısa obyektin şəklini çəkməyin yasaqlanmasının qaydaları var. Bir qayda olaraq obyektin girişində “Çəkiliş yasaqdır” nişanı qoyulur. Məsələn, metroda olduğu kimi. Şəxsən mən heç vaxt metroda şəkil çəkməmişəm. Çünki o nişan var. Adi parklarda isə şəkil çəkən adamı sorğu-suala tutmaq beyinsizlikdən başqa bir şey deyil. Yəni istirahət parkı xüsusi qorunan obyekt deyil ki, sən şəkil çəkən adamı saxlayıb “niyə şəkil çəkdin” deyəcək bir tərbiyəsizliyə yol verəsən…
Lap sonda: Atatürk Parkının açıq və ya gizli sahibi kimdirsə, qanuna dəvət edildiyi halda “mən işverən deyiləm” cavabı verən adamla da iş aparsın. Biz ona mədəni şəkildə dövlət, qanun dedik, o isə bunları “iş vermək” kimi anladı. Qınamıram. Görünür, onun dövlət və qanun anlayışı bu qədərdir (arzu edərdim ki, onu ora təyin edən də eyni səviyyədə olmasın…). Belə anlayış isə dövlətə təhqirdir. Onu da əlavə edim ki, bu adamlar məni günün günorta çağı əsəbləşdirib özümdən çıxardılar…