Son yeniləmə: 16 Aprel 2024 12:07
Dr. Yücel Karauz: İran-İsrail hərbi toqquşmasının ikinci raundu üçüncü dünya müharibəsinin başlanması üçün fitil rolunu oynaya bilər
BAYRAQDAR MEDİA – “Aprelin 13-də Orta Doğuda baş verənləri ilk olaraq qlobal məkanda yeni bir dönüş nöqtəsi kimi dəyərləndirmək olar. “Yeni dönüş nöqtəsi” deyəndə mən İranın son davranışını nəzərdə tuturam”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz deyib.
Onun sözlərinə görə, əgər bu vaxta qədər İran ABŞ-a, yaxud İsrailə qarşı öz nəzarəti altında olan rejimlər tərəfindən hansısa addım atırdısa, bu dəfə özü birbaşa sahəyə endi: “Adətən İran Suriya, Yəmən və İraqda nəzarətində olan rejim, yaxud güclər vasitəsilə ABŞ-a və İsrailə qarşı hansısa addım atırdı. Aprelin 13-də isə İran özü birbaşa prosesin mərkəzində dayandı və İsrailə hərbi hava zərbələri endirdi. Buna səbəb kimi isə aprelin 1-də Dəməşqdəki İran konsulluğuna İsrailin vurduğu hava zərbəsi göstərildi. İran rejimi bu zərbəyə cavab olaraq İsrailə zərbələr endirildiyini bəyan etdi”.
Müsahibimiz bildirib ki, bu əməliyyat özü ilə bir sıra suallar da gətirib: “Bu gün həm dünya, həm də İran ictimaiyyəti “İran İsrailə niyə aprelin əvvəlində deyil, məhz 13 gün sonra cavab verdi”, “Niyə bu cavab tədbiri barədə öncədən ABŞ məlumatlandırıldı”, “Niyə cavab zərbəsi ilk olaraq ballistik raketlərlə deyil, məhz ortalama 6-8 saat uçuş müddəti olan dronlarla başladı” və s. bu kimi suallara cavab axtarır. Təbii ki, bu suallarla yanaşı ortada bir reallıq da var. Baş verənlər, yəni İranın bu cavabı ilə 2023-cü ilin oktyabrında növbəti dəfə başlayan İsrail-Fələstin qarşıdurması yeni bir mərhələyə qədəm qoydu. Yəni proses İsrail-Fələstin müharibəsi çərçivəsindən çıxaraq daha qlobal xarakter aldı və hazırda İran-İsrail hərbi qarşıdurması kimi xarakterizə edilə bilər”.
Dr. Y.Karauz vurğulayıb ki, ilk baxışda 13 aprel hərbi qarşıdurmasından, daha doğrusu İranın İsrailə hücum cəhdindən sonra bütün tərəflər qalib, daha dəqiq desək qazanclı kimi görünür: “Əvvəla ABŞ və Bayden idarəçiliyi prosesdən qazanclı çıxdı. Hər halda görünən odur ki, ABŞ bir tərəfdən İsraili qorudu, digər tərəfdən də İranın hücumlarının davam etməməsi üçün səylər göstərdi. İkincisi İsrail və Nehanyahu hökuməti qazandı. O baxımdan ki, hökumət İran hücumunu uğurla dəf etdiyini bəyan etdi. Nəhayət, İran rejimi qazandı. Rejim bu cavab hücumundan sonra daxili ictimai rəyi oz xeyrinə yönəltmiş oldu. Amma mən bunu daha çox birinci raundda qazanılan uğur sayıram. Yəni ümumilikdə belə deyək ki, birinci raundda məğlub tərəf yoxdur”.
Türkiyəli general bildirib ki, bununla yanaşı İran-İsrail qarşıdurmasının tam olaraq səngidiyini, gərginliyin tamamilə aradan qaxdığını düşünmək sadəlövhlük olardı: “Gərginlik davam edir. Tərəflər öz hərbi potensiallaırını yenidən nəzərdən keçirirlər. O cümlədən yayılan məlumatlara görə, İsrailin “müharibə kabineti” İrana cavab zərbələri barədə qərar qəbul edib. Bütün bunlar isə bir daha bizim birinci raundla bağlı qənaətimizin doğru olduğunu təsdiqləyir. Təbii ki, mövcud gərginlik ikinci raundun olacağına işarə edir. Hesab edirəm ki, İran-İsrail hərbi toqquşmasının ikinci raundu üçüncü dünya müharibəsinin başlanması üçün fitil rolunu oyanaya bilər”.